
Bu gün baş tutacaq “Turan Tovuz” – “Sabah”görüşü səbrsizliklə gözlənilir.
Bu oyun təkcə tunir cədvəli, yəni avrokuboklara vəsiqə baxımından önəm daşımır. Ən həssas məqam ölkəmizdə çalışan iki rusiyalı məşqçinin duelidir.
Kurban Berdıyev oğlu yaşındakı Vasili Berezutskidən artıq iki zərbə alıb. İlk belə məğlubiyyət ölkə kubokuna təsadüf edib.
1/4 final mərhələsi çərçivəsində Tovuzda baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə tamamlanmışdı. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən, penalti seriyasında üstün olan “Sabah” yarımfinala yüksəlmişdi.
Premyer Liqanın üçüncü dövrəsinə təsadüf edən qalmaqallı oyun da yaddaşlardan silinməyib. Fevralın 9-da “Bank Respublika Arena”da keçirilən dueldə tovuzlular hesabı açsa da, meydan sahibləri ikinci hissədə vurulan qollar hesabına qalib gəlmişdi – 2:1.
“Sabah”ın vurduğu ikinci qoldan əvvəl “Turan”ın futbolçusuna qarşı qayda pozuntusu olmasına baxmayaraq, hakim oyunu davam etdirmiş,
Cesse Sekidika qələbə topunu vurmuşdu. Məhz bu epizod günlərlə müzakirə olunmuş, tovuzlular etiraz səsini qaldırmışdı.
Məsələyə turnir cədvəli baxımından yanaşsaq, dördüncü sıradakı qərb təmsilçisi özündən sonrakı yerdə qərarlaşan “Sabah”ı 9 xal qabaqlayır. Bu oyunda “Sabah”ın qələbəyə sevinməsi aradakı fərqi 6-ya endirəcək və qarşıdakı 6 turda mübarizə qızışacaq.
Bir sözlə, sözügedən dueldə “Turan Tovuz” məğlubiyyəti ağlından keçirmir.
Bu, baş versə, Rusiyada Berezutskinin Berdıyev üzərindəki üçüncü qələbəsi ajiotaj yaradacaq, təcrübəli mütəxəssisin məşqçilik bacarığı kölgə altına düşəcək, biabır edəcəklər.
Tovuz şəhər stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ