
Veysəl Rzayevin azarkeşə hücum çəkməsi «Turan Tovuz»da daxili ab-havanın necə olmasın bütün çılpaqlığı ilə gözlər önünə sərdi.
Kurban Berdiyevin «dəmir yumruq» müfi dağıldı bununla. Hamısı boş-boş şey imiş, bəlli oldu.
«Turan»da bütün sərhədlər götürülüb. Nə nizam var, nə intizam. Berdiyev papağını günə verib, bu işlərin həlli yönündə addım atmayıb, əlini ağdan-qaraya vurmayıb.
«Turan»ın futbolçuları baş məşqçisinə hörmət etmir. Qocanın nə yaşına baxırlar, nə başına, nə də keçmişinə.
Bu hörmət, bu ehtiram olsaydı, Veysəl «Baba»nın gözü qarşısında tribunaya tərəf hücum çəkməz, tərəfdarlarla davaya qalxmazdı.
Rzayevin məlum hərəkəti çoxsaylı sualların arxasında gizlənən bir cavabı da aydınlatdı. Məlum oldu ki, komanda niyə qış fasiləsindən də «yolundan azıb», uğursuzluq zolağına yuvarlanıb.
Bilməyənlər də qoy bilsin indi - «Turan»da heç kim heç kimin «kitabını oxumur» ta! Berdiyev rəhbərliyə əhəmiyyət vermədiyi kimi, futbolçular da ona qulaq vermir.
«Səbail» ilə matçda yalnız Aleks Serrano qələbə naminə bütün varlığı ilə oynadı.
İspaniyalı orta sahədə təkbaşına mübarizə apardı, amma yoldaşlarının tükü də tərpənmədi. Hər biri öz aləmində idi və sonadək oradan geri qayıtmadılar.
«Turan Tovuz»un yalnız «Sabah» sarıdan bəxti gətirib. Vasili Berezutski ilə heç-heçə rekordu qıran «Sabah» dördüncü pilləni tutmamaq üçün daha nə etməlidir ki?
«Turan»a deyirlər, bu yeri biz istəmirik, işinizdə olun!
ELNUR