
"Turan Tovuz" növbəti xal itkisini "Səbail"lə səfər oyununda yaşadı - 0:0.
Sönük qarşılaşmanın final fitindən sonra isə ara əməlli-başlı qızışdı.
Deyəsən, oyunun ən zəiflərindən olan Veysəl Rzayev enerjisini matçdan sonraya saxlamışdı.
Uzun məsafə qət edərək fanatların yanına gələn yarımmüdafiəçi oyuna və nəticəyə görə fanatlardan üzrxahlıq etmək əvəzinə hücum etmək yolunu seçdi. Tribunaya qalxmağa cəhd edən bu şəxsi polislər və komanda yoldaşları hadisə yerindən uzaqlaşdıra bildi. Daha böyük skandalın qarşısının alındığını da deyə bilərik. Veysəl sevinsin ki, fanatlar ona xəsarət yetirmədi, səbr nümayiş etdirdilər. Tribuna qanunlarında bu hərəkət birmənalı qarşılanmır.
Hadisədən sonra növbəti mövsüm Premyer Liqada legioner limitinin ləğv edilməsi qərarı təkrar yada düşdü. Məhz limitin hesabına oynadılan, böyük pullar görən yerlilərin "şişməsi" qabardıldı. Haqlı və yerində iraddır. Bu əsası Veysəl kimilər verir. Bu cür yersiz, düşüncəsiz hərəkətləri ilə.
Amma unutmayaq ki, elə "Turan Tovuz"un özündə yerini bilən yerlilər kifayət qədərdir.
Məsələn, Şəhriyar Əliyev kimi zəngin təcrübəsi olan müdafiəçinin adını qeyd etməmək olmaz. Komandanın kapitanı "Qarabağ", "Bakı" kimi imkanlı klublarda uzun müddət çıxış edib. Yaxşı maaş, mükafat az görməyib. Böyük azarkeş ordusu olan Tovuz təmsilçisində 3 ildi çıxış edir. Yerli-yersiz təzyiqlərlə də az üz-üzə qalmayıb. Düzdü, kiçik münaqişələr yaşayıb, amma hər zaman öz duruşunu saxlamağı bacarıb.
Lap olsun nisbətən dəli-dolu bildiyimiz Xəyal Nəcəfov. Milli komandamızın da üzvü olan "Sumqayıt"ın yetirməsinin məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəməsini görmüşük. Bu, kiçilmək yox, böyüməkdir. Azarkeşlərin timsalında özünə dəyər verməkdir. Peşənə hörmət etməkdir.
Faiq Hacıyev, Sadiq Quliyev kimi duruşunu, yerişini bilən yerliləri də siyahıya əlavə edə bilərik.
Sadiq bütün aşağı yaş qrup millilərimizdə çıxış edib. "Qəbələ" və "Zirə" kimi imkanlı klublarda forma geyinib. Nə tribunaya hücum çəkdiyini görmüşük, nə də başqa əyər-əskiklərini. Son hadisədə də Sadiq komanda yoldaşını ciddi cəhdlə mübahisədən uzaq tutmağa çalışırdı.
Təəssüf ki, bu qədər yaxşı da Veysəl kimilər badına gedir.
Bir sözlə, Veysəl bir hərəkəti ilə tək özünü yox, bütün yerli futbolçuların adını batırmış olur.
Halbuki azca ətrafına boylanıb, Şəhriyara, Faiqə, Sadiqə baxsaydı peşəkar futbolçunun necə olduğunu əyani görərdi. Ay hirsli, əsəbi oğlan, futbolçu olmağı, oynamağı bacarmırsan bildik. Bəs özünü normal aparma(ma)ğa nə söz?
Sən hələ "Turan"ın ehtiyat oyunçu statusunda ola-ola bu cür həddini aşırsan, böyük futbolçu olsan nələ edərsən təsəvvür belə etmək istəmirəm.
XANOĞLAN İMANOV