
Martın 28-də Tovuzda yeni akademiya binasının açılış mərasimi baş tutdu.
Tədbirdə AFFA və PFL rəsmiləri, həmçinin “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev iştirak edirdi.
Bina ilə tanışlıq zamanı Ehtiram bəylə PFL-in texniki idman şöbəsinin rəisi Elgiz Abbasov arasında yaşanan yarıciddi, yarıciddi zarafat diqqətimizdən yayınmadı.
Belə ki, klubun himayədarı xüsusi qonaqları titul güşəsi ilə tanış edərkən, “Turan”ın 1993/94 mövsümünu çempion qismində başa vurduğunu, lakin 31 il əvvəl kluba kubok təltif olunmadığını diqqətə çatdırdı.
Abbasov məlum vəziyyətin özlərindən asılı olmadığını, həmin dövrdə mükafatçılara yalnız medalların verildiyini diqqətə çatdırında, Ehtiram bəyin cavabı özünü gecikdirmədi:
“Biz haqq etdiyimiz kubokumuzu istəyirik. Xahiş edirik, problemin həlli yolunda bizə kömək edəsiniz. Guşədə çempionluq kuboku çatmır”.
Rəsmilər arasında yaşanan maraqlı dialoq ətrafdakıların gülüşünə səbəb oldu.
1993/94 mövsümündə 16 komandanın mübarizə apardığı III milli çempionatın yekununda 50 xal toplayan “Turan” ən yaxın izləyicisi “Qarabağ”ı 1 xal qabaqlayaraq, qızıl medallara sahib olub. Bu, bölgə təmsilçisinin yüksək dəstədə ilk və hələ ki, son tituludur.
HƏBİB / SPORTİNFO.AZ