
«Turan Tovuz» rəhbərliyi post-Berdiyev dönəminə indidən hazırlıq görür.
Ötən ilin iyununda ölkəmizə gələn və 2+1 illik müqavilə imzalayaraq komandanın başına keçən mütəxəssis öz istəyi ilə Azərbaycanı tərk edərsə, onu kimin əvəzləyəcəyi indidən məlumdur.
Tovuzlu rəsmilər bu postda Yunis Hüseynovu görür.
Yerli funksioner 2024-cü ilin noyabrında rusiyalı çalışdırıcıya köməkçi təyin edilən Hüseynovu onun yerinə ən layiqli namizəd sayır. Bununla bağlı artıq klubun üst qatında müzakirələr başlayıb.
Çoxluğun fikrincə, «Karvan»la UEFA Kubokunda mərhələ adlamağı bacarmış Yunis Hüseynov Kurban Berdiyevdən fərqli olaraq, ünsiyyət qurmağı, futbolçularla dil tapmağı, onları ələ almağı bacarır.
Üstəlik, əvvəl işlədiyi komandalar baxımlı futbol oynayıb, yaxşı nəticələr qazanıb.
73 yaşlı rusiyalı bunların heç birini etmir. Ona görə də «Turan Tovuz» Premyer Liqanın üçüncü dövrəsində kifayət qədər pis təsir bağışlayıb, göstəricilər də xeyli aşağı düşüb.
«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Kurban Berdiyevin əlindən zinhara gəlib. İş adamı hazırkı baş məşqçinin fəaliyyətindən, özünü yuxarıdan aparmasından və nəticələrdən kəskin narazıdır.
Son 3 turda qələbə qazana bilməyən «Turan»ın medalçılar sırasına düşmək ehtimalı artıq bir o qədər yüksək qiymətləndirilmir.
27 tura 43 xal toplayan qərblilərin üçüncü sıradakı «Araz-Naxçıvan»dan 4 xal geri qalması Quliyevi narahat edir. Çünki o, Berdiyevin oynatdığı futbolun komandaya mənfi təsirini görməkdədir.
Nə etsin, yenə «Baba»ya sözünü deyə bilmir. Axı 73 yaşlı qocanı Rusiyadan Azərbaycana gətirən İlham Rəhimovdur.
«Putin İlham» kimi tanınan milyarder Berdiyevin illik məvacibinin çox hissəsini ödəməkdədir.
«Turan Tovuz»la 2+1 illik müqavilə imzalamış və hər mövsümə görə 850 min dollar qazanacağı bilinən sabiq «Rubin»li iki istiqamətdən pul alır.
Həmin vəsaitin 500 mini Rəhimov tərəfindən qarşılanırsa, qalanı Quliyevin üzərinə düşməkdədir.
İdarə Heyətinin sədri tovuzlu həmyerlisinə görə baş məşqçi ilə açıq polemikaya girə bilmir. Berdiyevin ondan Rəhimova şikayət etməsindən ehtiyatlanır. Amma daxilən sıxılır və hirsini tökməyə yer axtarır.
Belə bir vaxtda «Turan Tovuz»a yaxınlığı şübhə doğurmayan sosial şəbəkə hesabarında (səhifələrində) və internet kanallarında rusiyalı məşqçinin əleyhinə kampaniyanın başlanması təsadüfi görünməməlidir.
Bu, onlar üçün bir ilkdir. Onların durub-durub məhz indi Berdiyevin işini kəskin «tənqid atəşi»nə tutması boşuna ola bilməz.
Mütləq ki, aylıq maliyyə aldıqları klubdan bir tapşırıq gəlib. Həmin səhifələrdə və «yutub» kanallarında rəhbərliyin dəstəklənib,
«Baba»nın hədəfə gətirilməsi göstərişdən xəbər verir: «Bizi qoruyub, onu azarkeşin önünə atın. Elə təqdim edin ki, hamı komandanın nəticələrinin pisləşməsinin səbəblərini Berdiyevdə axtarsın».
Baş məşqçiyə yönəlik yazı və çıxışlarda bir xüsus daha çox diqqət çəkir: yönətimin kluba böyük miqdarda büdcə ayırması, Berdiyevin isə qışda pis transfer bazarlığı etməsi.
Biz bu tezisi son vaxtlar «Turan Tovuz»un bəzi funksionerlərinin dilindən az eşitməmişik. Əlbəttə ki, qeyri-rəsmi dialoqlar zamanı.
SPORTİNFO.AZ