
“Sumqayıt”a məğlubiyyət “Turan Tovuz”un azarkeşlərini sözlə ifadə edilməsi mümkünsüz dərəcədə hiddətləndirmişdi.
Qərbli fanatlar özlərinə yer tapa bilmir, 2025-ci ildə qeyri-sabit nəticələr göstərən komandanın problemini öyrənmək istəyirdi.
Bir qrup tərəfdar söhbət etmək üçün futbolçuları tribunanın önünə çağırsa da, səslərinə yalnız yerli futbolçular səs verdi – Xəyal Nəcəfov, Ayxan Hüseynov, Sadiq Quliyev və Eltun Turabov.
Legionerlərdən bir neçə nəfər xaric, qalanları hakimin final fiti səslənən kimi paltardəyişmə otağına qaçdı.
Sportinfo.az-a açıqlama verən braziliyalı müdafiəçi Kauan Martins azarkeşlərə səslənərək onlardan üzr istəyib:
“Matç qurtaranda həqiqətən özümü pis hiss edirdim. Ona görə də soyunub-geyinmə otağına getdim.
Fürsətdən istifadə edib saytınız vasitəsilə azarkeşlərdən bugünkü məğlubiyyətə görə üzr istəyirəm. Uduzmalı oyun deyildi, lakin yaşandı.
Bu qədər azarkeşi məyus etmək həqiqətən üzücüdür. Stadiona gəlirlər, əvvəldən sona qədər dəstək verirlər.
Bir şeyi demək istəyirəm ki, sona qədər mübarizə aparacağıq. Dünyada məğlubiyyətsiz komanda yoxdur.
Bəzən məğlubiyyət qaçılmaz olur. Ancaq bunu bəzən etmək olar. Əla kollektivə sahibik və bu heyətlə böyük işlər görə bilərik.
Daha yaxşı səviyyədə oynamaqla həm kluba fayda verər, həm avrokuboklarda iştirak edər, həm də tərcümeyi-halımızı yaxşılaşdırarıq.
Klub və azarkeşlər bizə lazım olan hər şeyi verir. Biz də onları yaxşı nəticələrlə sevindirməliyik. Səbrli olub, dəstək vermələrini xahiş edirəm”.
27 turdan sonra aktivində 43 xal olan Tovuz təmsilçisi 4-cü pillədə qərarlaşıb.
HƏBİB