
«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Kurban Berdiyevin əlindən zinhara gəlib.
İş adamı ötən ilin iyununda komandanı tapşırdığı baş məşqçinin fəaliyyətindən, özünü yuxarıdan aparmasından və nəticələrdən kəskin narazıdır.
Əyalət klubu Premyer Liqanın üçüncü dövrəsində olduqca zəif təsir bağışlayıb. Son 3 turda qələbə qazana bilməyən «Turan»ın medalçılar sırasına düşmək ehtimalı artıq bir o qədər yüksək qiymətləndirilmir.
27 tura 43 xal toplayan qərblilərin üçüncü sıradakı «Araz-Naxçıvan»dan 4 xal geri qalması Quliyevi narahat edir. Çünki o, Berdiyevin oynatdığı futbolun komandaya mənfi təsirini görməkdədir.
Nə etsin, yenə «Baba»ya sözünü deyə bilmir. Axı 73 yaşlı mütəxəssisi Rusiyadan Azərbaycana gətirən İlham Rəhimovdur.
«Putin İlham» kimi tanınan milyarder Berdiyevin illik məvacibinin çox hissəsini ödəməkdədir.
«Turan Tovuz»la 2+1 illik müqavilə imzalamış və hər mövsümə görə 850 min dollar qazanacağı bilinən sabiq «Rubin»li iki istiqamətdən pul alır. Həmin vəsaitin 500 mini Rəhimov tərəfindən qarşılanırsa, qalanı Quliyevin üzərinə düşməkdədir.
İdarə Heyətinin sədri tovuzlu həmyerlisinə görə baş məşqçi ilə açıq polemikaya girə bilmir. Berdiyevin ondan Rəhimova şikayət etməsindən ehtiyatlanır. Amma daxilən sıxılır və hirsini tökməyə yer axtarır.
Belə bir vaxtda «Turan Tovuz»a yaxınlığı şübhə doğurmayan sosial şəbəkə hesabarında (səhifələrində) və internet kanallarında rusiyalı məşqçinin əleyhinə kampaniyanın başlanması təsadüfi görünməməlidir.
Bu, onlar üçün bir ilkdir. Onların durub-durub məhz indi Berdiyevin işini kəskin «tənqid atəşi»nə tutması boşuna ola bilməz.
Mütləq ki, aylıq maliyyə aldıqları klubdan bir tapşırıq gəlib. Həmin səhifələrdə və «yutub» kanallarında rəhbərliyin dəstəklənib,
«Baba»nın hədəfə gətirilməsi göstərişdən xəbər verir: «Bizi qoruyub, onu azarkeşin önünə atın. Elə təqdim edin ki, hamı komandanın nəticələrinin pisləşməsinin səbəblərini Berdiyevdə axtarsın».
Baş məşqçiyə yönəlik yazı və çıxışlarda bir xüsus daha çox diqqət çəkir: yönətimin kluba böyük miqdarda büdcə ayırması, Berdiyevin isə qışda pis transfer bazarlığı etməsi.
Biz bu tezisi son vaxtlar «Turan Tovuz»un bəzi funksionerlərinin dilindən az eşitməmişik. Əlbəttə ki, qeyri-rəsmi dialoqlar zamanı.
SPORTİNFO.AZ