
“Turan Tovuz”un “Sumqayıt”a uduzduğu oyundan sonrakı mətbuat konfransında əsas hədəf Kurban Berdıyev idi.
Komandasının düz-əməlli futbol sərgiləməməsi, öz istəyi ilə cəlb olunan futbolçuların işə yaramaması ortaya müəyyən suallar çıxarmışdı.
Ki, onlardan biri qərb təmsilçisi xərclənən milyonların qarşılığında avrokuboklara vəsiqə qazanmayacağı halda, Kurban Bekiyeviçin taleyinin necə olacağı ilə bağlı idi.
60 ildir futbol sahəsində çalışan adam sualı eşidincə, təmkinini itirmədi. Tükünü də tərpətmədən dedi ki, bəli, “Turan” Avropaya getsə də, getməsə də, burada qalacağam. Yəni, müqaviləmin sonuncu gününə qədər Rusiyaya qayıtmaq fikrim yoxdur.
Sualın verilməsinə ən çox sevinən bəlkə də Berdıyevin özü idi. Klub rəhbərliyinə mesaj göndərmək üçün əlinə bu cür imkan bir də nə vaxt düşəcəkdi?
Dedi və eşitdirdi ki, bilin, həm də agah olun, bu yaşdan sonra “yağlı tikə”ni qoyub heç yerə gedən deyiləm. Onsuz da Azərbaycana gələnə qədər Rusiyada heç kimə lazım deyildi. Aşağı dəstədə mübarizə aparan “Dinamo”da vəzifə tuturdu.
İndi bu cür fürsət düşüb. Həm baş məşqçi kimi maaşını alır, həm Rusiyadan özü ilə gətirdiyi bir avtobus adama çörək qazandırır, həm də transferlərə şəxsən nəzarət etməklə “ipi” əlində saxlayır.
Bu cür səlahiyyət və imkanlar varkən çemodanı yığıb getmək axmaqlıq olar. Berdıyev axmaq deyil ki. Axmaq olsaydı, Azərbaycana gəlməzdi.
HƏBİB / SPORTİNFO.AZ