
"Turan Tovuz" qış fasiləsindən sonra 4-cü məğlubiyyətini "Sumqayıt"dan aldı.
Halbuki tovuzlular erkən qola sevinəndə 3 xalın yaxında olduğunu ehtimal etmək olardı. Amma "kimyaçılar" əzmkarlıq göstərərək geridönüş edə bildi.
Vaqif Cavadovun yetirmələri hesabda önə çıxandan sonra da meydanda ərazi üstünlüyünə sahib idi. Bir neçə real qol imkanını boşa verməsəydilər hesab arasındakı fərq daha böyük ola bilərdi.
"Turan" isə alışdığımız tərzdə - yalnız duran toplardan sonra rəqib qapısında təzyiq yaratmağa çalışırdı. Berdiyev də yerli publikanı narazı salan gedişata müdaxilə etməkdə maraqlı deyildi.
Hər halda, belə olmasaydı 5 əvəzetmə imkanından yalnız ikisindən istifadə etməzdi.
Əvəzetmə demişkən, komandaya qol lazım olduğu halda, hücumçu Orxan Əliyev sona qədər ehtiyatda oturdu. Təcrübəli oyunçu belə məqamda da işə yaramayacaqsa, qış fasiləsində ona görə "Kəpəz"ə niyə təzminat ödənilirdi?
Orxan kimi yeni transfer Anton Kraçkovskinin də sona kimi Berdiyevin yanında oturması xoş görüntü deyil.
Rusiyalı legioner davamlı əvəzedici komandada oyunlara çıxır. Məgər onu bunun üçünmü bölgə klubuna transfer ediblər?
Ümumiyyətlə, türkmənistanlı çalışdırıcının gəldiyi gündən etdiyi transferlər özünü heç cür doğrultmur. Komanda ötənilki heyətin gücünə ayaqüstə qalır. Şəhriyar Əliyev, Roderik Miller, Marandiçinin sıradan çıxmasından sonra bu məqam özünü daha qabarıq göstərir.
Görünən odur ki, "Turan" bu gedişlə avrokuboklardan kənarda qalacaq.
"Sabah" və "Neftçi" kimi iddialı klubların uğursuz mövsüm keçirməsi də əcnəbi mütəxəssisin işinə yaramır.
Ən yaxşı halda Premyer Liqada ilk üçlükdə yer alan kollektivlərdən birinin Ölkə Kubokunu qazanması Berdiyevin dadına çata bilər. Belədə bəlkə 4-cü pillənin sahibi kimi hədəfə çatmaq mümkün oldu.
XANOĞLAN İMANOV