
Kurban Berdiyevin «Turan Tovuz»ı dünən mövsümün altıncı məğlubiyyətini aldı.
Doğma rayonda «Sumqayıt»ın öhdəsindən gələ bilmədilər, uduzdular.
Hakimlər Komitəsi Tovuza Əliyar Ağayevi göndərmişdi. Bundan qabaqkı oyunlarda «Turan»a simpatiya ilə yanaşmış FİFA referisi, deyəsən, onları pis öyrəşdirib.
Deyəsən, gözləyirdilər ki, Əliyar yenə tərəf saxlayacaq, qazanmalarına zəmin hazırlayacaq.
Adını çəkdiyim baş hakim «adət»inə xilaf çıxdı, «Turan»ın qələbəsinə səy göstərmədi. İki-üç mübahisəli epizod oldu ki, ev sahiblərinin xeyrinə qərar verə bilərdi, vermədi.
Misalçün, künc zərbəsindən sonra Ayxan Süleymanlının torun silkələnməsinə imkan vermədiyi fraqmentdə.
Mənə görə, həmin an başla vurulmuş top qapı xəttini bir qədər keçmişdi və Əliyar mərkəzi nişan versəydi, «Sumqayıt»lılar çox səs-küy salmayacaq.
Görünür, Əliyar «Turan»a sevgisi ilə ad çıxarması barədə yazılıb-pozulanlardan bərk narahat olub və o, dünən bunun əksini sübut etməyə çalışdı. Təki həmişə belə olsun!
«Turan»ın bəlası Berdiyevdir. Bu komanda yaxşı oyun sərgiləyə, tovuzluların qəlbini xoş edə bilər.
Futbol yalnız standart zərbələrdən və korner vuruşlarından ibarət deyil, bunun o qədər məziyyətləri, yönləri var ki…
Berdiyev heç birini etmir, etmək istəmir.
Və heç kimi də saymır! Bəli, saymır. Nə rəhbərliyə məhəl qoyur, nə də futbolçulara. Aradakı münasibətlərə elə sərhəd çəkib ki..!
Səlahiyyətli şəxslərdən, oyunçularından bir kimsə ona yaxınlaşıb nəsə demir, deyə bilmir. Əvvəl-əvvəl bir-iki dəfə buna cəhd edən olub, ağzının üstündən vurub.
Mən inanmıram ki, Ehtiram Quliyev özünü klub prezidenti kimi hiss edir indi. İdarə Heyətinin sədrinin uduzulan oyundan sonra paltardəyişmə otağına baş çəkməyə hünəri çatır, ya çatmır, deyəmmərəm.
Görən olmayıb, hər halda. Quliyev yalnız qələbə qazananılan oyunun ardından komandanın görüşünə tələsə bilər, başqa vaxt Berdiyev onu futbolçuların yanında görmək istəmir.
Bu, çox pis haldır. Ehtiram bəy gərək üzləşdiyi vəziyyəti dərindən analiz etsin. Halından məmnun deyilsə, əlini masaya çırpsın və Berdiyevə sözünü desin.
Halından məmnundursa, mən day heç nə demirəm, qoy, 73 yaşlı «Baba» öz bildiyini eləsin, atını çapmağında olsun!
MUSA