
“Turan Tovuz” Premyer Liqanın 27-ci turunda “Sumqayıt”ın qonağı olacaq.
Ötən həftə “Kəpəz”in qapısından 3 cavabsız top keçirən sumqayıtlılarla tovuzluların qarşılaşmasının gərgin keçəcəyinə şübhə yoxdur.
İş burasındadır ki, meydan sahiblərinin heyətində üç aparıcı futbolçu son dərəcə diqqətli olmalı, sarı vərəqədən uzaq durmalıdırlar. Söhbət Faiq Hacıyev, Alexandro Serrano və Kristian da Silvadan gedir.
Adları çəkilənlərin hər biri cəza sərhədindədir ki, cari mövsümdə alacaqları daha bir “sarı” növbəti oyunu kənardan izləmələrinə səbəb olacaq.
Növbəti rəqib də kim olsa yaxşıdır? “Qarabağ”!
Cari mövsümdə çempiona uduzmayan “Turan Tovuz” üçün turnir cədvəlinin hazırkı lideri ilə qarşılaşma böyük önəm daşıyır. Həm prinsipiallıq, həm də avrokuboklara vəsiqə baxımından.
Odur ki, Kurban Berdıyev Hacıyev, Serrano və Kristiana diqqətli olmağı, lazımsız vəziyyətdə vərəqə almamağı xüsusi şəkildə tapışırıb.
HƏBİB / SPORTİNFO.AZ