Premyer Liqanın ən çox “ağ tük”ü olan baş məşqçisi

14:40 Turan 326
Premyer Liqanın ən çox “ağ tük”ü olan baş məşqçisi

Son dəqiqələr…

Mən sayını itirmişəm, bəlkə siz biləsiz -«Turan Tovuz» bu mövsüm artıq neçənci dəfədir final fitinə az qalmış ya qələbə qazanır, ya da 1 xalı qurtarır?

Kurban Berdiyev şanslı məşqçi deyil, o, hədsiz şanslı məşqçidir.

Bu fikrim artıq qətidir - «Baba»nın «ağ tük» sarıdan bəxti yaman gətirib.

73 yaşlı türkmən «Turan»a 5 qəpiklik futbol oynatdırmasa da, hər dəfə texniki zonada etdiyi dualarla, səssizcə yerinə yetirdiyi dini rituallarla istədiyini, arzuladığını meydandan qopara bilir.

Öz aramızdır, indi mən təxmin edirəm ki, Berdiyev «Rubin»lə iki dəfə necə Rusiya çempionu olub,

Çempionlar Liqasında «Barselona»nı, «İnter»i nətəhər udub. İnancını bilməsəydim, deyərdim ki, Berdiyev əsl şamandır.

Onu «Turan Tovuz»un yeni «Məstəli Şah»ı da adlandırmaq olar.

Heyif ki, Mirzə Fətəli Axundov bu gün yaşamır, yoxsa Kurban Berdiyevi görüb, işinə, əməlinə bələd olub, başqa bir şedevr əsər yaradardı.

«Neftçi» ilə qarşılaşmanın sonluğunu başqa cür təsvir eləmək olmaz. Bir saatdan çox azlıqda oynayan, müdafiə olunmaqdan başqa nəsə etməyən,

89-cu dəqiqədə yenik duruma düşən «Turan»ın son saniyədə standart vəziyyətdən sonra bərabərlik qolunu vurması inanılmaz hadisədir! Bu, yalnız

Berdiyevin «Turan»ında ola bilər, Azərbaycanda başqa bir komandanın 10 nəfərlə belə dönüş etməsi mümkünsüzdür.

Yüz bu cür epizod olar, top qapıya getməz, ancaq Berdiyevin o «ağ tük»ü ki var…

Mən düz tapmışam və yenə təkrar etməkdə yarar görürəm – Berdiyev olasan, bəxtin olsun!

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti