
«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev Kurban Berdiyevin fəaliyyətindən kəskin narazıdır.
Bu barədə redaksiyamıza ona yaxın şəxslərdən biri məlumat verib.
Rəhbərin baş məşqçiyə münasibəti barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, Quliyev 73 yaşlı çalışdırıcının oynatdığı futbolu bəyənmir.
Onun sözlərinə görə, klubun birinci şəxsi komandanın bu il nümayiş etdirdiyi oyundan və qeydə alınan nəticələrdən olduqca gileylədir.
İş adamı artıq bu barədə uca səslə danışır, şikayətini dilə gətirir. Hətta bəzən Berdiyevin köməkçilərinin yanında eyni fikirləri söyləməkdən narahatlıq keçirmir.
Müsahibin dediyinə görə, Quliyev oyun vaxtı özünü çətinliklə ələ alır, tez-tez siqaret çəkir, narahatlıq içində vurnuxur.
İdarə Heyətinin başçısı çevrəsinə bildirib ki, Berdiyevin seçdiyi taktika praqmatikdir və «Turan»ın adına yaraşmır, heç kimə zövq vemir.
O, Ayxan Abbasovun vaxtında komandanın bundan baxımlı futbol nümayiş etdirdiyini vurğulayıb. Yəni ki, baş məşqçi dəyişikliyindən sonra büdcəni bir neçə dəfə artırsa da, Berdiyevin oyun tərzi gələcəyə ümidlə baxmağa əsas vermir.
Odur ki, xərclədiyi pula heyfi gəlir və Berdiyevin təyinatına razılaşmasının peşmanlığını çəkir.
SPORTİNFO.AZ