
Bəlkə də əksər tovuzlu azarkeşlərin “Turan Tovuz”da Anton Kraçkovski ad-soyadlı futbolçunun varlığından xəbəri yoxdur.
Qış fasiləsində baş məşqçi Kurban Berdıyevin şəxsi təşəbbüsü ilə Rusiyadan Azərbaycana gələn 22 yaşlı legionerin xoş gələcək vəd etməsi barədə eşitmişdik.
Ancaq hələ də ehtiyat oyunçular skamyasının “bəzəyidir”. Anton bura gələndən “Turan” çempionatda 7 oyun keçirib.
Bəstəboy yarımmüdafiəçi yanvarda iki dəfə şans qazanıb. “Kəpəz”ə qarşı 22, “Qarabağ”la dueldə 11 dəqiqə mübarizə aparıb. Odur-budur Berdıyevin yanında oturur.
Məlum vəziyyəti görəndə, Kraçkovski ilə bağlı adamın ağlına 100 ehtimal gələn.
Məsələn, bəzən düşünürəm ki, “Turan”da braziliyalıların sayı çox idi deyə, Kurban Bekiyeviç rusların bu göstəricidə “sambaçılar”dan dala qalmaması üçün Antonu yanına çağırdı.
Sabah braziliyalılar ayağa qalxanda, Sergey Samokla İvan Konovalovun yanında Anton da olsun.
Sonra öz-özümə deyirəm ki, yox, bu, ağlabatan ehtimal deyil. Buna heç uşaq da inanmaz. Onda Anton Rusiya ilə Ukrayna arasındakı müharibədən yayınmaq üçün bura üz tutub.
Birdən vəziyyət gərginləşər, ağına-bozuna baxmadan futbolçuları da tutub apararlar ön cəbhəyə. Yazığın canı-cəsədi də yoxdur ki, heç olmasa güllə yeşiklərinə kömək etsin.
Bir də fikirləşirəm ki, günahkar Xəyal Nəcəfovdur. Dünənə qədər “Turan”ın ən bəstəboy futbolçusu o idi axı.
Ta Anton gələnə qədər Kurban bəy Xəyalın boyun kiçikliyini özünə dəsr etməməsi üçün həmyerlisini dəvət edib ki, Xəyal, bax, səndən də balaca futbolçular var.
Elə bilirsiniz sadaladıqlarımın heç biri deyil? Deyilsə, saysız-hesabsız azərbaycanlılar varkən, ehtiyatda oturmaq üçün niyə Rusiyadan legioner dəvət ediblər?
Kurban Berdıyev onu Mahaçqala “Dinamo”sunda işlədiyi dönəmdən tanıdığı üçün? Dağ boyda kişinin adını fikirləşəndə, buna da inanmaq olmur axı.
Ümid edək ki, növbəti mətbuat konfranslarının birində Berdıyev suala aydınlıq gətirəcək. Anton Azərbaycana niyə gəlib?
HƏBİB / SPORTİNFO.AZ