Ehtiram Quliyevin iddialarına tən gəlməyən komandası - 850 min dollarlıq “iş” budur?

5 Mart 15:00 Turan 527
Ehtiram Quliyevin iddialarına tən gəlməyən komandası - 850 min dollarlıq “iş” budur?

Dünən «Turan Tovuz»da mövsümün beşinci məğlubiyyətini aldı.

Yenə evdə uduzdular.

Tovuz artıq rəqiblər üçün alınmaz qala deyil. «Kəpəz» gəlib udub gedirsə, «Səbail» gəlib xal aparıb gedirsə, «Zirə» niyə bunu etməsin ki?

«Zirə» hələ ilk dövrədə bu rayona etdiyi birinci səfərdən qalibiyyətlə geri dönməli idi, şans qapısı üzlərinə bağlandı, son dəqiqə qoluyla məğlubiyyətə uğradılar.

«Turan» artıq bunu edə bilmir. Çünki komanda «kökdən düşüb», rəngi saralıb-solub.

Kurban Berdiyev də indi cidanı çuvalda gizlədə bilmir. Oyundan sonra «Zirə»nin layiqli qələbə qazandığını etiraf etdi.

Bu etirafları biz hələ çox eşidəcəyik.

850 min dollar qarşılığında Azərbaycana gəlmiş və 2+1 illik müqavilə imzalamış Berdiyevin ötən müddətdə gördüyü iş, əslində, böyük iş deyil.

Doğruları bizdən eşitmək istəyirsizsə, qoy, biz deyək - 73 yaşlı «Baba» burada şahənşah komanda yaratmayıb, oynatdığı futbol da Ehtiram Quliyevin iddialarına tən gəlmir.

«Turan» Azərbaycanda heç bir komandanın oynamaq istəmədiyi oyunu oynayır - vur qabağa, tutar qatıq, tutmaz ayran!

Öz aramızdır, kim öz ayranına turş deyər ki?!

Berdiyev kornerlərdən, cərimə zərbələrindən sonra vurulan qollarla, qazanılan son dəqiqə qələbələriylə öyünürsə, mən bunu onun yaşına-başına, saç-saqqalına yaraşdırmıram.

«Zirə» bir balaca önləm aldı, Berdiyev də, komandası da qaldı çabalaya-çabalaya. Ha istədilər təzyiqi artırsınlar, irəli atılsınlar, daşdan səs çıxmadı ki, çıxmadı!

«Turan Tovuz» çöküşdədir. Hakimlər də özlərini yığışdırıb ta! Kömək etmək söhbəti yoxdur. Berdiyev üçün ən pisi budur bəlkə də.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti