
«Turan Tovuz» növbəti mövsümdən məkanı dəyişə bilər.
Bu barədə redaksiyamıza şok məlumat daxil olub.
Klubun rəhbərliyinə yaxın şəxsin saytımıza bildirdiyinə görə, komandanın doğma rayondan Bakıya köçürülməsi ciddi şəkildə müzakirə olunur.
İdarə Heyətinin sədri Ehtiram Quliyev bu təklifi dəstəkləyib. Birinci şəxs belə qənaətdədir ki, kollektivin hər dəfə rayona gedib-gələməsi yorucu prosesdir.
«Turan» Tovuzdan uzaq düşsə, rəqiblərini harada qəbul edəcək? Dəyərli iş adamı üçün o yer məlumdur - Kürdəxanı.
Bəlli olduğu kimi, tikinti maqnatı bir müddət əvvəl Bakıətrafı qəsəbədə futbol bazasının əsasını qoyub. Bir neçə meydançadan və otel tipli binadan ibarət proyekt barədə geniş xatırlatma etməyə lüzum görmürük.
Bu barədə mediada kifayət qədər məlumat verilib. Onun yaxın çevrəsindən verilən informasiyaya əsaslansaq,
Qultyev əsas komandanı Kürdəxanıda məskunlaşdırmaq, ev oyunlarının da burada keçirilməsinə nail olmaq niyyətindədir. O, bununla günbəgün artan xərclərin bir qismindən qurtulmaq arzusundadır.
Ehtiram bəyə elə gəlir ki, əsas komanda tamamilə Bakıya köçsə, yenə azarkeş dəstəyini itirməyəcək. Çünki paytaxt və ona yaxın ərazilərdə əslən Tovuzdan olan xeyli eloğlu yaşayır.
Onların Kürdəxanıya yığışması üçün bazada əlavə işlərin görülməsi də mümkündür.
Məsələn, təbii örtüklü əsas meydanın ətrafında 4000-5000 minlik tribunanın tikilməsi kimi.
Tovuzdakı stadion və baza necə olsun bəs? Əsas komanda tamam-kamal Bakıya yığışarsa, rayondakı infrastruktur akademiyanın istifadəsinə veriləcək.
Yəni, öz əlləri, öz başları olacaq - nətəhər istəyirlər, nə qədər istəyirlər, özləri üçün istifadə edə bilərlər.
SPORTİNFO.AZ