"Turan"dan AFFA-nı qəzəbləndirən TƏZYİQ CƏHDİ

1 Mart 19:00 Turan 837
"Turan"dan AFFA-nı qəzəbləndirən TƏZYİQ CƏHDİ

Premyer Liqanın 24-cü turu meydandan kənar amillərin kölgəsində qaldı.

Söhbət "Şamaxı" - "Turan Tovuz" görüşü ətrafında başverənlərdən gedir.

İlk olaraq "Turan Tovuz" yaydığı bəyanatda VAR və canlı yayımın olmadığına görə "Şamaxı" ilə oyunun şəffaf keçiriləcəyinə şübhə etdikləri üçün qarşılaşmanın təxirə salınmasını təklif etdi.

Klubun bu istəkdə olması, hətta pərdəarxasında Peşəkar Futbol Liqası (PFL) ilə danışıq aparması normaldır. Amma bəyanat verilməsi yersiz idi.

Atılan addım çempionatı təşkil edən quruma təzyiq göstərmək cəhdinə daha çox bənzəyirdi.

PFL verdiyi cavab bəyanatında "VAR sisteminin olmaması və matçın yayımlanmaması oyunun keçirilməsi üçün əngəl ola bilməz. Oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir. Meydançanı nəzərdən keçirir, topun hərəkətini, hava şəraitinin futbolçuların sağlamlığına zərər vurma ehtimalını nəzərə alır və nəticə çıxarır. Əgər ciddi narahatlıq olarsa, matç təxirə salınır" deməklə bütün suallara aydınlıq gətirmiş oldu.

Əminəm ki, PFL rəsmi açıqlamada verdiyi izahatı daha əvvəl qeyri-rəsmi olaraq qarşı tərəfə bildirib. Görünür, bölgə klubunun rəsmiləri yumşaq danışıqlar işə düşməyincə, sərt bəyanat yolunu seçməyi məqbul sayıb.

Bir şeyi unutmayaq ki, Premyer Liqa matçının keçirilməsi üçün çətinlik varsa, bunun ən böyük ağırlığı PFL-in üzərinə düşür. Onun əməkdaşları əziyyət çəkir. Qarlı-şaxtalı havada cəsarətli davranan bu adamlar təzyiq yox, alqış görməlidirlər. Təəssüf ki, "Turan" cəbhəsi sadə həqiqəti görməzdən gəldi.

Oyunun gedişində AFFA da bölgə klubunun bəyanatına səssiz qalmadı. Federasiyanın cavabı daha sərt oldu:

"Artıq birinci dəfə deyil ki, “Turan Tovuz” PFK hakimlərlə bağlı xoşagəlməz fikirlər səsləndirir. Əgər “Turan Tovuz” PFK-nın bununla bağlı hər hansı faktları və sübutları varsa, klubdan xahiş olunur ki, ən qısa müddətdə AFFA-ya təqdim olunsun. Əks halda məsələyə AFFA İntizam Komitəsi tərəfindən baxılacaqdır və müvafiq tədbirlər görüləcəkdir”.

Bununla da sakitləşməyən qurumun İntizam Komitəsi klubu 20000 manat cərimə etməyi qərara aldı.

Yəqin ki, AFFA-nı da bu qədər aqressivləşdirən "Turan"nın təzyiq dilinə keçməsidir.

Həqiqətən də Tovuz təmsilçisi hər uğursuz nəticədən sonra süni ajiotaj yaratmağa çalışır. Hakimləri hər kiçik səhvdə qərəzli olmaqda qınayır. Həftələrdi eyni tendensiya yaşanır.

Bununla da Azərbaycan futbolunda zərərli ənənənin təməli tökülməkdədir.

İşin ən üzücü tərəfi də məhz budur. Bundan nə "Turan" xeyir tapacaq, nə də Azərbaycan futbolu.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu