“Turan”da böyük iş görən, Ehtiram Quliyevi sevdirən o, indi kənarda qalan da o!

1 Mart 11:40 Turan 1 286
“Turan”da böyük iş görən, Ehtiram Quliyevi sevdirən o, indi kənarda qalan da o!

«Turan»da yeni era başlayıb.

Nəsimi Paşayev erası.

Klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev ona məxsus holdinqdə yüksək vəzifə tutan bu şəxsi artıq «Turan Tovuz»a gətirib, səlahiyyət verib.

Media və marketinq kimi vacib sahələri Nəsimi bəyə tapşırıb. İndi Tovuz təmsilçisinin «təbliğat maşını»nı sözügedən funksioner idarə edir.

Elə AFFA-nı qəzəbləndirən, 1 gün içində federasiya ilə yanaşı, «CBC Sport» və Peşəkar Futbol Liqasını ayağa qaldıran məlum bəyanat qalmaqalının «fitilini çəkən» fiqurant olaraq Paşayevin adı çəkilir.

Deyiləqnə görə, klubun yaydığı açıqlamanın müəllifi odur.

"Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Premyer Liqanın XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb.

Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yayıb, matçın şəffaf şəkildə keçiriləcəyinə şübhə ilə yanaşdığını açıq bildirmişdi.

AFFA, gözlənildiyi kimi, bu açıqlamaya biganə qalmadı, vaxtında reaksiya verdi. Qurum öncə qarşı tərəfdən şübhələrin əsaslı olub-olmamasına dair fakt istədi, tələb etdiyi faktı görməyəndən 1 gün sonra isə 20 min manat cərimə kəsdi.

«Turan Tovuz» federasiyanın yekun qərarı qarşısında hələlik susmaqdadır. Apellyasiya şikayəti verib-verməyəcəkləri də sual altındadır.

Hər bir halda görünən budur ki, son hadisələr klub rəhbərliyinin imicinə böyük xətər toxundurdu. Atdıqları səhv addım bumeranq kimi qayıdıb özlərinə dəydi.

AFFA İntizam Komitəsinin kəsdiyi 20 min manat cərimə «Turan Tovuz»da narahatlıqla qarşılanıb. Amma artıq nə edə bilərlər: ox yaydan çıxıb, klubla federasiya arasında münasibətlər ciddi mənada korlanıb.

Ehtiram Quliyev gərək bu səhvə qol qoymazdı. Tələbəlik yoldaşı Səməd Nəsibova inamsızlıq nümayiş etdirməklə, həm özünü, həm də klubunu AFFA qarşısında təhlükəyə atdı.

Məgər o, media və marketinq sahəsində az iş görmüşdü? «Qəbələ»yə illərini vermiş, öz profili üzrə böyük idarəçilik təcrübəsi toplamış S.Nəsibovun belə həssas dönəmdə «mətbəx»dən uzaqlaşdırılmasına nə gərək vardı?

2023-cü ilin yazı Ehtiram Quliyevin yadından nə tez çıxdı? Klubu himayəsinə götürməsinə həsr olunmuş təqdimat mərasimində təmtəraqlı edən kim idi?

Törənin mediada geniş şəkildə işıqlandırılması kimin sayəsində mümkün olmuşdu? Əlbəttə, Səməd müəllimin. Ona bəslənilən hörmətin, verilən dəyərin qarşılığı başqa cür də ola bilməzdi.

Ehtiram Quliyev azsaylı klub rəhbərlərindən biridir ki, futbol ailəsinə qoşulduğu ilk gündən KİV tərəfindən böyük ilgi görüb, personasına, fəaliyyətinə daim rəğbətlə yanaşılıb.

Hər sözü manşetə çevrilib, fikirləri dəstəklənib. Odur ki, dəyərli iş adamının qısa bir müddət sonra AFFA prezidenti postuna namizəd göstərilməsi, həyata keçirdiyi və ya həyata keçirmək istədiyi layihələrin geniş ictimaiyyət tərəfindən təqdirlə qarşılanması təsadüfi sayılmamalıdır.

Bu, medianın gücü idi. Bəs böyük mətbu ordunu Ehtiram Quliyevə tərəf gətirən kim olmuşdu?

Təbii ki, yenə də Səməd Nəsibov.

İş adamı bilavastə tələbəlik dostunun düzgün, düşünülmüş media siyasətinin sayəsində futbol sektorunda bu qədər böyük nüfuz qazanıb, sevilib və hələ də sevilir.

Belə bir söz var, biz də tamamilə razıyıq: deyir, çörəyi ver çörəkçiyə, birini də üstəlik.

Dəyərli Ehtiram bəy ötən müddətdəki səmərəli və aktiv fəaliyyətinə görə Səməd Nəsibovun yalnız əsas komanda və media-marketinq sahəsi ilə kifayətlənməsinə izn verməməli, daha da irəli çəkməli idi.

Hamı gözləyirdi ki, ona digər işlər də tapşırılacaq, vəzifəsi bir qədər də böyüdüləcək. Sən saymağında, gözləməyində ol, gör, hörmətli Quliyev nə edir!

Və bu da nəticəsi - artıq «Turan Tovuz» AFFA ilə üzbəüz qalıb və çox ağır durumdadır.

Səməd Nəsibov bu işlərdə hədsiz təcrübəli və peşəkardır. Münasibət qurmaq və onu qorumaq, inkişaf etdirmək bacarağı yüksəkdir.

Şübhəsiz, o, həmin sahələrdən uzaq tutulmasaydı, bu bəyanat qalmaqalı yaşanmayacaq, AFFA ilə ilişkilərdə balans qorunacaqdı. Sabiq «Qəbələ»li belə «taktiki səhv»ə qətiyyən yol verməzdi.

Nəsə belə anlaşılır ki, Ehtiram Quliyev nədənsə tələbəlik dostunun səlahiyyət dairəsini məhdudlaşdırmaq qərarına gəlib. Səbəb(lər)i mediaya məlum olmasa da.

Amma sədrin yağışdan çıxıb, yağmura düşdüyü faktdır. Son proseslər fonunda.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu