.jpg)
"Turan Tovuz"un qış fasiləsində heyətinə qatdığı yeni transferlərdən biri də Anton Kraçkovski oldu.
Kurban Berdiyevin şəxsən tanıdığı rusiyalı böyük ümidlərlə bölgə klubuna cəlb edilmişdi.
Ki, mövsümün ikinci yarısı hədəfi avrokuboklara getmək olan tovuzlulara kömək etsin.
Arxada qalan müddət 22 yaşlı legioner ona bəslənən ümidləri puç etməklə məşğuldur.
Orta sahə oyunçusu sanki gününü ehtiyat skamiyada keçirib, aylıq maaşını almaq üçün Azərbaycana ayaq basıb.
Bunu biz yox, statistika deyir.
Məşhur "transfermarkt" portalında dəyəri 400 min avro göstərilən yarımmüdafiəçi arxada qalan 6 görüşdə cəmi 2 dəfə Berdiyevə lazım olub.
O da iki oyunda üst-üstə 33 dəqiqə.
Ciddi heç nə ilə yadda qalmayan Anton məntiqli olaraq ehtiyata göndərilib.
Sonrakı 4 görüşdə istedadlı gənc kimi "Turan"a cəlb edilən futbolçunu gördüm deyən olmayıb.
Adətən yerli futbolçuların limitin hesabına dəyərindən artıq pullar aldığı çox şişirdilir.
Amma Anton kimi bir işə yaramayan onlarla gəlmənin adını tutan yoxdur.
Yəqin ki, yeni mövsümdən limitin ləğv edilməsi ilə belə əcnəbilərin ölkəmizə gəlişi daha çox yaşanacaq.
XANOĞLAN / SPORTİNFO.AZ