Tələbəlik dostunun səlahiyyətlərini azaldan klub sahibini QALMAQALA KİM ÇƏKİB?

26 Fevral 14:00 Turan 658
Tələbəlik dostunun səlahiyyətlərini azaldan klub sahibini QALMAQALA KİM ÇƏKİB?

AFFA İntizam Komitəsinin "Turan Tovuz"u 20 min manat cərimələməsi dünəndən bəri ictimaiyyətin diqqət mərkəzindədir.

Bəyanat yayaraq, AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsinə gətirib çıxaran hərəkətlərə yol verməsi bölgə klubuna baha başa gəldi.

"AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər" – federasiyanın qəti mövqeyi bundan ibarətdir.

"Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi Premyer Liqanın XXIV turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və burada video köməkçi hakim (VAR) olmayıb.

Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı. İddia etmişdilər ki, onlar qarşılaşmanın mövsud şərtlər daxilində şəffaf keçiriləcəyinə inanmırlar.

AFFA-nın 20 min manat məbləğində kəsdiyi cərimə sanki qurbağa gölünə daş atmaq qədər effektiv oldu. Federasiyanın qərarına qarşı tərəf hələlik heç bir rəsmi reaksiya verməyib. Susublar. Elə bil, kimisə və nəyisə gözləyirlər.

Amma heç şübhəsiz, bu olay Ehtiram Quliyevin imajını zədələdi. Yanvar ayında mediaya verdiyi müsahibədə AFFA və PFL-i tərifləyib göyün yeddinci qatına qaldıran, «bizi gözəl günlər gözləyir» söyləyən İdarə Heyətinin sədri haradadır indi, niyə danışmır?

Əlbəttə, klubun adından yayılan bəyanat onunla öncədən razılaşdırılıb. O, futbol ailəsinə qoşulduğu bu 2 il müddətində özünü dəyişkən fikirli rəhbər olaraq tanıdan Quliyev mümkün deyil ki, bəyanatdan sonradan xəbər tutsun.

Kluba adi kibrit çöpü alınanda da ondan icazə istənilir.

Ola bilməz ki, bu cür kəskin açıqlama tirajlansın, sədr «ah sizi, niyə belə etdiz» deyə, əməkdaşlarına sual etsin. Demək, onda siz Quliyevi yaxşı tanımamısız.

«Turan Tovuz»da az da olsa, işini peşəkar səviyyədə görən kadrlar çalışır. Onlardan biri, bəlkə də birincisi Səməd Nəsibovdur.

Sədr tələbəlik dostunu idman və marketinq üzrə departamentinə rəis təyin edib. Hər işin, dərd-sərinə arxasınca qaçan şəxs odur.

Nəsibov 1 gn komandanın içində, məşqçilərin yanında olmasa, burada aləm bir-birinə dəyər. Kurban Berdiyev hədsiz kaprizləri olan baş məşqçidir.

Onu razı salmaq çox müşkül məsələdir. Səməd Nəsibov media ilə bərabər, 73 yaşlı çalışdırıcının da dostu olmağı bacaıb.

Həlim xasiyyəti, mehriban danışıq tərzi ilə KİV nümayəndələrinin ürəyini ələ almış Nəsibov futbolçuların, məşqçilərin şəxsi problemlərinin həllinə də həmişə can yandırır.

Nə qədər təəccüblü görünsə də, klubdan gələn son informasiyalar Nəsibovun mövqelərinin zəiflədiyini deyir. Quliyevin vaxtilə Türkiyədə birgə təhsil aldığı, bir qabdan çörək yediyi şəxsin səlahiyyətlərini tədricən məhdudloaşdırdığı söylənilir.

Bu informasiyalara inansaq, Səməd bəy böyük səs-küy doğurmuş, nəticədə sədrin əleyhinə işləyən bəyanatın hazırlanmasında iştirak etməyib.

Ondan heç bu barədə soruşan, rəyi ilə maraqlanan da olmayıb. Qısacası, Nəsibov media ilə əlaqəli sektordan uzaqlaşdırılıb.

Bəyanatın bu cür sərt formada hazırlanmasına dair təşəbbüsün Nəsimi Paşayevə məxsus olmasına dair iddialar var.

İllər öncə Bakı metropolitenində mətbuat katibi postunu tutmuş, oradan ayrılandan sonra Ehtiram Quliyevin idarə etdiyi şirkətə üz tutmuş Paşayev artıq «Turan Tovuz»da da söz sahibidir.

Quliyevin Nəsibovun səlahiyyətlərinin əhəmiyyətli hissəsini Paşayevə ötürdüyü deyilir. Sonuncunun sədrlə arasından su keçmədiyi də bəllidir.

Buna əmin olmaq üçün 2024-cü ilin iyuluna qayıtmaq kifayətdir.

Zəruri xatırlatma: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti tənzimlənib.

Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edilib.

Nəsimi Paşayev həmin vaxt bununla bağlı sosial şəbəkədə status paylaşıb:

“Mənə bir şey maraqlıdır: Niyə müdirin sürdüyü maşının benzininin qiyməti azalır, amma mənimki artır? İndi onun maaşından kəsib, bizə verəcəklər?”.

O, bu paylaşımına “Hünər Qrup”un sahibi və “Turan”ın İdarə Heyətinin sədri Ehtiram Quliyevi “tağ” edib və aydın olub ki, sözü əslində kimə ünvanlayıb.

N.Paşayevin paylaşımına xeyli rəy gəlib. Elə E.Quliyevin özü də buna biganə qalmayıb.

Tanınmış iş adamı işçisinə “ağlın özünə getməsin, mənim çoxlu pula ehtiyacım var” yazıb.

Birinci da öz növbəsində “istəməyənin gözü part eləyib çıxsın yerindən” cavabı verib və gülüş işarəsi qoyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti