
“Turan Tovuz” gərgin keçən oyunda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub etməyi bacardı.
Qərbliləri bu qarşılaşmaya kapitan sarğısında çıxarmış Emanuel Hakman Sportinfo.az-a verdiyi müsahibədə maraq doğuran sualları cavablandırıb.
- Bu dəfə də çətinliklə qələbə qazandınız. “Turan Tovuz”un qış fasiləsindən sonra qeyri-sabit çıxış etməsinin səbəbini nədə görürsən?
- Bu, səbəbsiz deyil. Çempionata optimal heyətlə hazırlaşmışdıq və oyun dəsti-xəttimiz var idi. Xatırlayırsınızsa, qış fasiləsinə yaxın ciddi itkilərə məruz qaldıq. Xüsusən müdafiə xəttində əsas oyunçularımızı itirdik. Yeni ilə yeni futbolçularla başladıq deyə, oyun planında müəyyən “qırılmalar” olur. Heyətdə hər dəfə müəyyən dəyişikliklərin olması istər-istəməz öz təsirini göstərir. Zamanla düzələcəyinə inanıram.
- Nə qədər vaxt lazımdır?
- Birlikdə daha çox oyun keçirdikcə hər şey yaxşı olacaq. Önəmli olan odur ki, keyfiyyətli futbolçulara sahibik və ailə atmosferinə sahibik. Söz verirəm, həftələr keçdikcə daha yaxşı “Turan Tovuz” görəcəksiniz.
- “Zirə” uzaqlaşır, “Sabah” yaxınlaşır. Bu, sizdə təzyiq yaradır, yoxsa motivasiya verir?
- Bu dəqiqə bizi maraqlandıran əsas məsələ oyunumuzu istədiyimiz keyfiyyətə çatdırmaq və qələbələri sıralamaqdır. İlk növbədə özümüz üçün yaxşısını arzulamalıyıq. Bunu bacarandan sonra rəqiblərin nə etməsi önəm daşımayacaq. Yekunda nə olacağını zaman göstərəcək.
- Rəqib komandanı “Turan Tovuz”u yaxşı tanıyan Ayxan Abbasovun çalışdırması “Şamaxı” üçün üstünlük sayıla bilər?
- O, bizim baş məşqçimiz olub və əksər futbolçuların mənfi-müsbət keyfiyyətlərini yaxşı bilir. Təbii ki, bu, onlar üçün üstünlükdür. Ancaq yenə də narahat olmağa gərək yoxdur. Baş məşqçinin kimliyini düşünməkdənsə, öz oyunumuza və nə edəcəklərimizə önəm verməliyik. Məqsədimiz 3 xaldır və buna nail olacağımıza inanıram.
HƏBİB