
“Turan Tovuz” heç cür zədə epidemiyasından qurtula bilmir.
Faiq Hacıyevlə Eltun Turabov çətin dönəmi başa vursa da, Roderik Miller, Denis Marandiçi və Şəhriyar Əliyevlə bağlı müəmma hələ də davam edir.
Miller yaxın günlərdə Bakıya gələcək. Panama millisinin həkiminin nəzarəti altında müalicə-bərpa keçən müdafiəçinin martın ortalarında komanda məşqlərinə qoşulması gözlənilir.
Miller ən yaxşı halda dördüncü dövrədən etibarən meydana çıxa biləcək.
Dekabrın 3-də “Sabah”la oyunda ayağı sınan, bundan iki gün sonra əməliyyat masasına uzanan Denis Marandiçinin bərpası üçün 3 ay nəzərdə tutulub.
Moldova millisinin də şərəfini qoruyan müdafiəçinin müalicəsi davam edir. O da martda Azərbaycana təşrif buyurub, bərpanın növbəti mərhələsini burada keçəcək.
Şəhriyar Əliyevin durumu yaxşıya doğru dəyişməkdədir. Yeni ildə meydana çıxmayan Əliyev həftəsonu “Şamaxı” ilə baş tutacaq oyunda iştirak etməyəcək. Ən yaxşı halda “Zirə” ilə martın 4-dəki oyuna qədər hazır olacağı gözlənilir.
HƏBİB