
Kurban Berdiyevin qış fasiləsində israrla sərəncamında görmək istədiyi adlardan biri Orxan Əliyev idi.
Rəhbərlik də təzminat bahasına olsa belə, "Kəpəz"in ən məhsuldar hücumçusunu transfer etdi.
İlin ilk rəsmi matçında türkmənistanlı çalışdırıcı Əliyevi start heyətində meydana buraxmaqla ona inamını göstərdi.
"Turan"ın əzəli rəqibi "Kəpəz"ə 2:5 məğlub olduğu görüşdə 68 dəqiqə meydanda olan forvard 1 asistlə yadda qala bildi.
Amma həmin qarşılaşmadan sonra Orxanı gördüm deyən yoxdur.
"Səbail" və "Sabah"la oyunlarda 90 dəqiqə ehtiyat skamiyada oturan 29 yaşlı futbolçunun adı "Qarabağ" və "Araz-Naxçıvan"la oyunlarda protokolda belə yox idi.
Əcnəbi mütəxəssisin dəyişməz adəti var - əsas komandada az şans alanları əvəzedici komandada oynamağa yollayır.
Məsələn, "Turan Tovuz-2"nin son oyununda əsas komandadan nə az, nə çox 6 futbolçu iştirak edib.
Arasında bir gün əvvəl Premyer Liqa görüşündə meydana ayaq basan Xəyal Nəcəfov, Rüfət Əhmədov, Ayxan Hüseynov kimi adlar da var.
"Qarabağ"la oyunda qələbə qolunu vuran Otto Conun bir gün sonra Əvəzedici Liqada meydana çıxması yaddan çıxmayıb. Nümunələr çoxdur.
Amma Orxan Əliyevi ikinci komandada belə görmürük.
Görünən odur ki, tərəflər arasında nəsə düz getmir. Münasibətlər yolunda deyil.
Yəqin ki, çox çəkməz əsl gerçək üzə çıxar.
XANOĞLAN / SPORTİNFO.AZ