
«Turan Tovuz» bu il ikinci qələbəsini qazandı.
Yenə son dəqiqələrdə gələn qolla.
«Araz-Naxçıvan»la oyunun taleyini yeni transfer - Hayderson Hurtado həll etdi.
Kolumbiyalı legioner bura ayağını təzə toxundursa da, komandaya adət elədiyi formada - standart vəziyyətdən qələbə qazandırdı.
«Turan» başqa cür oynaya bilmir, onsuz…
Kurban Berdiyev bu qoca vaxtında «Turan»a iki şey gətirib - bir bəxt, bir də, türklər söyləmiş, «duran toplar»dan maksimum istifadə.
Çox maraqsız oyun oldu. 90 dəqiqə hamı yatdı - stadiona təşrif buyurmuş minlərlə tovuzlu da, media sektorunu doldurmuş media əhli də.
Mən hələ futbolçuları demirəm – hər iki tərəfdən olanlar sadəcə, topu ora-bura vurmaqla özlərini məşğul etdilər.
Bu arada Əliyar Ağayev «adət»inə xilaf çıxmadı yenə.
Bilmirəm, adını çəkdiyim FİFA referisində «Turan Tovuz»a nəvaxtdan, necə simpatiya yaranıb, amma bu bağlılıq çox möhkəmdir, deyəsən.
Yaxşı xatırlayıram, bir neçə ay əvvəl yazmışdıq ki, Ağayevin əyninə «Turan»ın qırmızı forması qəşəng yaraşar. Klub rəhbərliyinə bir zəhmət, ona həmin formadan birini hədiyyə etsinlər, qoy, assın otağının yuxarı başından.
Əliyarı Tovuza göndərən nə niyyətlə bunu eləmişdisə, bilmək istərdim. Amma ortalıqda dolaşan bu adam öz «iş»ini gördü, nə gördü.
İkinci hissənin əvvəlində İqor Ribeyroya ağır cəza kəsdi - braziliyalı müdafiəçini meydandan qovdu. Adi «sarı»lıq epizod idi, maksimum.
Emmanuel Hakmanın cərimə meyançası daxilində əllə qəsdən topa toxunuşuna isə necə lazımdır göz yumdu.
Ay xatakar! Sən nə yamansanmış, Əliyar… Tovuza getmişdin ki, «Turan» rəhbərliyini sakitləşdirəsən, hə?
Hakimlər əleyhinə keçəndəfəki əsassız hay-küyü yatızdırmaq üçün «Araz-Naxçıvan»ın belini qırmalı idin, eləmi?
ELNUR