
23-cü turun sonuncu oyun günündə diqqətlər Tovuza yönələcək.
“Neftçi” – “Qarabağ” qarşılaşmasının ertəsi “Kəpəz” ev oyunlarını keçirdiyi şəhərdə “Şamaxı”nı qəbul edəcək.
Bölgə təmsilçilərinin duelini maraqlı edən cəhət hər ikisinin Premyer Liqanın ən aşağı büdcəli klubları olması və elitada qalmaq uğrunda mübarizə aparmasıdır.
Bir-birinə tay olan rəqiblərin cari mövsümdəki şəxsi oyunların statistikasında düşündürən məqam var. Həm “Kəpəz”, həm də “Şamaxı” hərəyə bir qələbə qazanıblar.
Maraqlıdır ki, hər ikisi səfərdə sevinib. Ayxan Abbasovun komandası “sarı-göylər”i Tovuzda udub (2:0), Azər Bağırovun rəhbərlik etdiyi kollektiv Şamaxıda 1:0 hesablı qələbəni bayram edib.
Görəsən, bu dəfə də gülən tərəf qonaq komanda olacaq?
Məlum məsələdir ki, yüksək liqada qalmaq uğrunda mübarizə autsayderlərin öz aralarındakı oyunların nəticələrinə əsasən həllini tapacaq. Çünki şəxsi görüşlərdəki qələbələr birinin digəri üzərində üstünlük təşkil etməsinə şərait yaradır.
Bu oyun da belələrindəndir. Qələbə hər iki tərəfə hava-su kimi lazımdır. “Kəpəz” qalib gəlsə, xalların sayını 21-ə yüksəldib sonuncu yerdəki “Səbail”lə xal fərqini artıracaq, üstəlik, 8-ci pilləni “Şamaxı”nın əlindən alacaq.
Yox, şamaxılılar 3 xal istəyinə çatsalar, 7-ci sıradakı “Sumqayıt”ı geridə qoyub, 6-cı yerdəki “Neftçi”yə “qulaq yoldaşı” olacaq.
Hər iki komanda meydana ciddi itkilərlə çıxacaq. Meydan sahiblərinin aparıcı müdafiəçisi Dioqo Verdaska cəza səbəbindən oynamayacaq.
“Şamaxı” isə eyni səbəbdən kollektivin iki ən sərrast futbolçusundan biri olan Belajdi Pusinin xidmətindən yararlana bilməyəcək.
Fevralın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “kasıblar”ın dueli saat 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ