
Tovuz şəhər stadionunda yenilik ediləcək. “Turan Tovuz“ rəhbərliyi bu məqsədlə əlavə büdcə ayırıb.
Ehtiram Quliyevin razılığı əsasında arenanın əsas tribunası ilə üzbəüz sektorda xüsusi loja tikiləcək.
Klubun İdarə Heyətinin sədri media mənsublarının burada sərbəst işləməsi və rahatlığı üçün belə bir gözəl təklifi dəstəkləyib.
Redaksiyamıza verilən məlumata görə, yaxın vaxtlarda bu işə başlanacaq. Məkan geniş olacaq - bura eyni vaxtda 20-yə yaxın jurnalistin çalışması üçün nəzərdə tutulub.
İş adamının son addımı həqiqətən alqışlanmalıdır. Çünki Tovuza yollanan media əhli çətin şərtlər altında öz işini görmək məcburiyyətində qalırdı.
VİP-lojanın aşağı hissəsində, hər iki tərəfdən azarkeşlərin əhatəsində olmaq… Premyer Liqanın heç bir başqa klubunun ev oyununda bunu görməzsən.
Odur ki, Tovuza səfər edən jurnalistlər bəzən yerli fanatların bir qisminin tənqid və atmacaları ilə qarşılaşır.
Ümid edirik ki, Quliyevin sayəsində KİV nümayəndələri bu problemdən birdəfəlik yaxa qurtaracaq.
SPORTİNFO.AZ