"Turan" cəbhəsindən gələn ZƏRƏRLİ MESAJ – Siz nə etmək istəyirsiz?

14 Fevral 19:00 Turan 552
"Turan" cəbhəsindən gələn ZƏRƏRLİ MESAJ – Siz nə etmək istəyirsiz?

"Turan Tovuz" Premyer Liqanın 22-ci turunu məğlubiyyətlə başa vurdu.

"Sabah"ın qonağı olan bölgə klubu üçün hər şey yaxşı başlamışdı. Fasiləyə üstün yollanan Kurban Berdiyevin kollektivi ikinci yarıda üstünlüyü əldən verərək meydandan xalsız ayrıldı - 1:2.

Qərb təmsilçisi qış fasiləsindən sonra özünə bənzəmir. "Qarabağ" üzərində təsadüfi qələbə xaric, digər matçlarda azarkeşlərini üzüb.

Öncə tarixi derbidə "Kəpəz"dən alınan darmadağın (2:5), davamında autsayder "Səbail"lə bərabərlik (1:1) və son olaraq da Masazırdakı məğlubiyyət.

Qış fasiləsində Türkiyədə toplanış keçən yeganə klub "Turan" olub. Elə heyətinə ən çox transfer edəni də "Turan" olub. Komanda 4-ü əcnəbi olmaqla 6 yeni futbolçu ilə güclənib. Nəticələr daha da yaxşılaşmaqdan, əksinə geri gedir.

Demək ki, klubda nələrsə düz getmir.

Amma nədənsə bölgə klubunda Berdiyev həmin nəsəni axtarmaq barədə düşünmür.

Özü başda olmaqla hər kəs tam başqa istiqamətə yönəlib.

Bölgədən gələn bütün mesajlarda hakim qərəzindən söz açılır.

Bəli, "Sabah"la oyunda Rəhim Sadıxova qarşı olunan qayda pozuntusuna hakimin fiti susdu. Axı belə epizodlar aşağı-yuxarı hər oyunda rast gəlmək mümkündür.

Halbuki həmin qayda pozuntusundan sonra top auta çıxıb. Davamında nə az, nə çox 35 saniyə sonra "Sabah" futbolçuları topu oyuna daxil edib və 4 toxunuşla təxminən 70-80 metr məsafə qət edərək qol vurub.

Belədə qolu Sadıxovun qayda pozuntusuna birbaşa bağlamaq insafdan deyil.

Ümumiyyətlə, "Turan" cəbhəsinin belə bir epizodda "ilişib" qalması həm də gələcək oyunlar üçün zərərlidir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti