![“Heç-heçəni düşünmürəm, qələbə bizim olacaq” – Vacib oyundan öncə](https://www.sportinfo.az/media/2025/02/08/202038837646467338838377555888444944555333222444333355544855444.jpg)
Premyer Liqanın 22-ci turunun maraqlı görüşlərindən biri Masazırda baş tutacaq.
Avrokuboklara iddia edən iki komanda - “Sabah”la “Turan Tovuz” “Bank Respublika Arena”da münasibətlərinə aydınlıq gətirəcək.
Çempionatda son 4, ölkə kuboku ilə birlikdə 5 oyundur qələbə qazana bilməyən “tələbələr”in cari mövsümdə məğlub edə bilmədiyi qərblilərlə bu dəfəki görüşü maraqlı idman mübarizəsi vəd edir.
“Turan Tovuz”un rusiyalı qapıçısı Sergey Samok Sportinfo.az-a açıqlamasında oyunla bağlı fikirlərini bildirib:
“Rəqibin kimliyindən asılı olmayaraq, hər matça qələbə üçün çıxırıq. Bu dəfə də məqsədimiz 3 xal qazanmaqdır.
“Sabah” güclü futbolçulara sahib çox yaxşı komandadır. Onlarla oyunlarımız ağır keçir. Üstəlik, turnir cədvəlində bizə qonşu hesab olunur.
“Səbail”lə qarşılaşmadakı xal itkisindən sonra bu oyuna çox yaxşı hazırlaşmalıyıq. Heç-heçə? Bunu düşünmürəm. Ümid edirəm qələbə bizim olacaq”.
Fevralın 9-da baş tutacaq görüşün start fiti saat 17:00-da çalınacaq.
HƏBİB