"Turan Tovuz”dan ayrılan Oto Conun yeni klubu rəsmiləşib.
Nigeriyalı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra Liviyanın yüksək liqa təmsilçisi “Əl Mədinə” ilə müqavilə imzalayıb.
27 yaşlı nigeriyalı bu komandaya 2023-cü il iyulun 1-də “Dukagini”dən (Kosovo) keçib. Bu komanda ilə 56 oyunda meydana çıxan Con 16 qol vurub.
Buna qədər isə “Lion” (Nigeriya), “Skenderbeu” (Albaniya), “Trepça” və “Priştina”da (hər ikisi Kosovo) oynayıb.
Onun ilk sezonunda 4000 dollara oynamasını bildirək. Ötən ilin yayında maaşı 6000 dollara qaldırılmışdı.
Tovuz təmsilçisi Cona yeni müqavilə təklif etmişdi. «Yox» deməsəydi, bir mövsümə 150 min dollar qazanacaqdı.
Fəqət, o, Kurban Berdiyevə görə buradakı çıxışını yarımçıq başa vurdu.
Baş məşqçi tərəfindən sıxışdırılan, yerli-yersiz tez-tez tənqid olunan və az şans əldə eləyən hücumçu ayrılıq fürsətini boşa vermədi. Sərfəli təklif alan kimi aradan çıxdı.
Afrikalının “Əl Mədinə” ilə anlaşması 1,5 ili əhatə edir. Adıçəkilən ön xətt oyunçusu bu müddətdə 300 min dollar qazanacaq.
Razılaşmaya görə, o, sonradan kontraktı daha 1 il uzatmaq hüququna malikdir.
SPORTİNFO.AZ