“Turan Tovuz”un qapıçısı Sergey Samok Sportinfo.az-a müsahibə verib.
Bölgə təmsilçisinin Rusiyadan olan legioneri komandasının “Səbail”lə heç-heçə (1:1) başa çatan oyunundan sonra sualları cavablandırıb.
- Ümumi mənzərəni nəzərə alsaq, 2 xal itirdiniz, yoxsa 1 xal qazandınız?
- Dediyiniz kimi, ümumi mənzərəni nəzərə alsaq, nəticə qənaətbəxşdir. Bu qədər itkilər, üstəlik ikinci 45 dəqiqəni azlıqda oynamaq... Rəqib böyük qüvvə ilə üstümüzə gəlirdi. Xarakter sayəsində 1 xal qazandığımızı deyə bilərəm.
- Matçdan sonra paltardəyişmə otağındakı ab-havanı sözlərlə necə ifadə edə bilərsən?
- Sakitlik idi, hamı bir-birinin üzünə baxırdı. Çünki qapımızdan rahat top buraxmışıq. Və həmin qolda mənim də səhvim var idi. Hamı başa düşürdü ki, qol buraxmayıb, qələbə də qazanmaq olardı.
- Qırmızı vərəqə alan Kauan Martinsin hərəkətini necə qiymətləndirirsən? Kobudluğa gərək var idi?
- Belə vəziyyətdə futbolçunun futbolçunu mühakimə etməsi doğru deyil. Çünki o cür vəziyyətlə hər birimiz üzləşə bilərik. Heç bir futbolçu bilərəkdən “qırmızı” almaz. Kauan topu qəbul edib, ötürmə vermək istəyirdi, alınmadı. Rəqib futbolçunun potensial qol imkanını görüb istəmədən o hərəkəti etdi.
HƏBİB