“Komanda azlıqda qalanda qısa vaxtda mübarizə aparmaq olar.
Ancaq 45 dəqiqə eyni tempi saxlamaq mümkün deyil. “Qırmızı” işimizi çətinə saldı”.
“Turan Tovuz”dan ayrılan Otto Con Sportinfo.az-a açıqlamasında komandasının “Səbail”lə bərabərə qaldığı oyunu şərh edib.
Şənbə günü Tovuzda baş tutan qarşılaşmanın ilk yarısı meydan sahiblərinin planına uyğun gedirdi. Alexandro Serranonun vurduğu qolla hesab açılmışdı, təhlükəli vəziyyətlər bir-birini əvəz edirdi.
Lakin ilk hissənin son dəqiqəsində Kauan Martinsin meydandan qovulmasından sonra qəbrlilər ikinci hissəni bir nəfər azlıqda oynadı ki, hücumlara ara verməyən “Səbail” sona yaxın bərabərlik topunu vurdu.
Nigeriyalı hücumçu qazanılan 1 xala görə məmnunluğunu gizlətməyib:
“Rəqib qış fasiləsindən sonra xoş təsir bağışlayır. Bilirdik ki, üstümüzə gələcəklər, xalla qayıtmaq istəyirlər.
Azlıqda qalmağımız onları həvəsləndirdi, motivasiya verdi. Bacardığımız qədər qapının toxunulmazlığını qorumaq istəsək də, lazım olan qolu vurdular.
Ümumi götürsək, şübhəsiz, nəticə bizi razı salmır. Ancaq 45 dəqiqədən artıq müddətdə 10 nəfərlə mübarizə apardığımızı göz önünə gətirsək, 1 xalı sərfəli saya bilərik.
Məğlubiyyət də qaçılmaz deyildi. Ondansa, 1 xal daha yaxşıdır”.
“Səbail” Tovuzdan 1 xalla qayıtmasına baxmayaraq, turnir cədvəlinin sonuncu pilləsindədir.
HƏBİB