COP29

“Turan” gerçəyi - Qurban Qurbanov da indi bundan gileylənirsə…

19:00 Turan 339
“Turan” gerçəyi - Qurban Qurbanov da indi bundan gileylənirsə…

2025-ci ilin ilk 3 turu «Turan Tovuz» həqiqətini bütün çılpaqlığı ilə aydınlatdı.

Qərb derbisində «Kəpəz»ə biabırçı hesabla (2:5) uduzan, ardınca «Qarabağ»ı son dəqiqə qollarıyla 2:1 üstələyən «Turan» bu dəfə doğma Tovuzda «Səbail»lə bacarmadı.

Kurban Berdiyev 1:1-ə yalançı don geyindirdi. İlk hissənin gedişində qeydə alınan məcburi əvəzləmələri və qırmızı vərəqəni əldə bayraq elədi, bu hadisələrin ümumi nəticəyə təsir göstərdiyini söylədi.

Yalan deyir, özü də gözünün içinə kimi! Deyəsən, bunu da «Turan»la 2+1 illik müqavilə imzalayandan sonra öyrənib.

«Turan»a futbol oynatmırsız, qoca! Mövsümün ən baxımsız futbolunu «Turan» oynayır.

Vallah, hansı azərbaycanlı məşqçi bu komandaya bu futbolu oynatsaydı, turnir cədvəlində birinci yerdə getsəydi belə, onu burada saxlamazdılar, arxasına bir «vedrə» bağlayıb, çoxdan istefaya yollayardılar.

Günün günorta çağı qovardılar, axşamın düşməsini də gözləməzdilər.

Berdiyev isə UEFA kontraktına güvənib, «Turan»a antifutbol sərgilədir, bilir ki, təzminatının çoxluğuna görə ona güldən ağır söz deməyəcəklər və demirlər.

O da ki, mətbuat konfransında nə gəldi danışır, sanki biz bir az əvvəl oyunuyla göz oxşayan komanda izləmişik.

Berdiyev «Turan»ı böyük miqdarda xərcə salıb, büdcəni böyüdüb. Azərbaycan reallığında ona lyuks şərait yaradılıb.

Bu bashabasda 5 yeni transfer də etdirib. Digər komandalar (heç də hamısı yox) qış fasiləsində 1-2 oyunçu gətirib və papağını göyə atır,

Berdiyev isə bir belə transferlə «Turan»a yenə normal futbol oynatmır.

Uzun paslar, standart vəziyyətlər və hakim simpatiyası - 73 yaşlı rusiyalının təyinatından sonra «Turan»ın futbolunda yalnız bu elementləri görməkdəyik.

Başqa nə var axı, Berdiyev hansı üzlə «Səbail»dən daha yaxşı olduqlarını deyir? Bu boyda yalan yox da…

Gör, nə vəziyyətdir, Qurban Qurbanov da «Turan»la oyunda hakim qərəzinə uğradıqlarını dilə gətirmək məcburiyyətində qalır.

Azərbaycanın ən güclü və ən təmkinli məşqçisi də bunu qabardırsa… Daha görünən kəndə nə bələdçi?

NƏSİB

Digər Xəbərlər
Xəbər Lenti