Berdiyevə yaraşmadı...
"Turan Tovuz" yeni ilə uğursuz start verdi.
Doğma publika önündə "Kəpəz"in qonağı olan tovuzlular 90 dəqiqənin sonunda qapısında 5 qol gördü - 2:5.
Yerli publika təkcə avrokuboklar yolunda ciddi zərbə almağın yox, həm də əzəli rəqibi önündə belə aciz duruma düşməyin acısını yaşamış oldu.
Azər Bağırovun kollektivi bir qədər diqqətli olsaydı fərq daha biabırçı həddə çata bilərdi.
Paçu penaltini qaçırdısa, yoldaşları qeyri-dəqiq zərbələrlə yadda qaldı.
"Kəpəz" hesabdakı qədər 90 dəqiqənin gedişində də rəqibindən üstün tərəf idi.
Əbəs deyil ki, Berdiyev də "Kəpəz" layiqli qələbə qazandı" etirafını etmək məcburiyyətində qaldı.
Amma türkmənistanlı mütəxəssis ardınca itkilərdən şikayətlənib: "Sadiq Quliyev ilk dəfə oynayırdı. Araş Qaderi özünü pis hiss edirdi".
Hə, bu artıq bəhanə arxasında gizlənməkdir. 72 yaşlı zəngin futbol təcrübəsinə sahib əcnəbiyə yaraşmayan bəhanə.
Rəqib "Qarabağ" deyil ki, bir neçə əsas oyunçunun yoxluğu darmadağına yol açsın.
Söhbət o rəqibdən gedir ki, qış fasiləsində bombardirini əzəli rəqibə göndərmək məcburiyyətində qalıb.
Bundan başqa yaranmış tətildə Tovuz təmsilçisi Orxandan başqa Rəhim Sadıxov, Anton Kraçkovski, Jo Batista və Kauanla güclənib.
Kollektivdəki ümumi futbolçu sayı 29-a yüksəlib.
2-3 futbolçunun yoxluğu sonuncu pillədə gedən komandanı udmağa mane olursa, daha Berdiyevin burda nə işi var?
Cəzalı, zədəli hər kollektivdə olur. Mövsümün bundan sonrakı bölümündə belə hal daha çox yaşanacaq. Təcrübəli mütəxəssis bəs onda nə edəcək?
Məncə, bəhanə gəzməkdənsə, çarə tapmaq daha yaxşı olar. Axı sənin missiyan "Turan"ı avrokuboklara da yox, onun qrup mərhələsinə aparmaqdır.
XANOĞLAN İMANOV