“Turan Tovuz” cari mövsümdə ilk böyük hesablı məğlubiyyətini aldı. Həm də kimdən?
Hansısa avrokuboklara iddialı rəqibdən yox, elitada qalmaq uğrunda mübarizə aparan, şəraitsiz və imkansız “Kəpəz”dən.
Yenilginin başlıca səbəbi heç şübhəsiz tovuzluların müdafiə xəttində yaşanan xaos idi. Müdafiəçilər işin öhdəsindən gəlmədi, qapıçı da yenilənmiş heyətlə anlaşma baxımından problem yaşadı.
Belə olacağı çoxdan bilinirdi. “11-liy”in birdən-birə üç üzvü – Denis Marandiçi, Rojerik Miller və Faiq Hacıyev əməliyyat masasına uzananda, Eltun Turabov zədə alanda, Şəhriyar Əliyev cəzalı duruma düşəndə.
Biz görürdüksə, Kurban Berdıyev daha öncədən xəbərdar idi. Özünü və komandasını hansı təhlükə gözləyəcəyindən ehtiyatlanırdı.
Qış fasiləsində komandanı müdafiəçilərlə gücləndirmək əvəzinə, yarımmüdafiə xəttini “bərkitməyi” qərara alan rusiyalı çalışdırıcı ciddi səhvə yol vermiş oldu.
Hətta bu, Araş Qadirini İrandan Azərbayacana gətirməkdən də böyük qəbahət idi. Odur ki, dağ boyda təcrübənin yiyəsi günahı özündə axtarmalıdır.
“Kəpəz”lə matç geridə qaldı, sırada “Qarabağ”dır. Bu qarşılaşmada “Turan”ın müdafiə xəttini nələrin gözlədiyini indidən təxmin etmək çətin deyil.
Bu yenilgi tovuzluları üçüncü pillədən aşağı saldı. Daha bir məğlubiyyətin bədəli ağır ola bilər. Beşinci sıradakı “Sabah” uzaqda deyil, arada 5 xal fərq var.
HƏBİB / SPORTİNFO.AZ