“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev maraqlı açıqlama verib.
Telejurnalist Azər İsmayılın «yutub» kanalına danışan klub rəhbəri baş məşqçi Kurban Berdıyevdən söz açıb.
O, rusiyalı çalışdırıcının Tovuz təmsilçisi ilə razılaşdığı anlardan və hazırda etdiklərindən danışıb:
“Kurban Berdıyev bizimlə maaş söhbəti etmədi. Biz onun agentinə müqavilə bağlamaq üçün bir məbləğ demişdik.
Agent isə ona zəng edərək, «azərbaycanlılar bu qədər deyirlər, bəlkə məbləği bir az qaldıraq» deyə soruşub. O, cavabında bildirdi ki, klub bunu deyirsə, deməli, buna gücü çatır, ayıbdır.
İnanın ki, hazırda aldığı pulun bir hissəsini də klubun ehtiyaclarına xərcləyir. Nə qədər mane olmsaq istəsək də, bildiyini edir”.
Ehtiram Quliyev yalan demir. Amma tam demir. Biri deyir, beşini gizlədir.
73 yaşlı türkmən kökənli məşqçi ötən ilin iyununda «Turan Tovuz»la 3 illik müqavilə imzalayıb. Bu anlaşmaya görə, 850 min dollar qazanacaq.
Mahaçqala «Dinamo»sunu tərk etməsəydi, Rusiya premyerliqasının heç bir klubunda bir belə pul qazanmayacaqdı. «Turan» ondan ötrü artıq karyeranın son dayanacağıdır.
Futboldan gedər ayaqda bu qədər maliyyə əldə etmək onun üçün əsl tapıntıdır. Odur ki, menecerinə «bundan çox pul istəmək ayıbdır» deməsindən təbii heç nə yoxdur.
Daha nə istəsin, Berdiyev burada ağadır. Bildiyiniz ağa! Yetərincə hökm sahibidir.
Bir sözü iki olmur. Səməd Nəsibov kimi təcrübəli funksioner var böyründə. 7/24 qulluğundadır.
İdman və marketinq üzrə direktor ona az qala uşaq kimi qulluq edir. Nəsibov 1 gün klubda görünməsə, nəinki Berdiyevin, Quliyevin də işləri getməz. Heç nədən xəbərləri olmaz, ara qarışar.
Qaldı ki Berdiyevin aldığı pulun bir hissəsini klubun ehtiyacalarına xərcləməsinə, burada nə var axı? Yoxsa Qurban Qurbanov «Qarabağ»da belə eləmir?
Niyə uzağa gedirik, Ayxan Abbasovun 2022-ci ilin yayında, Tovuzda işə başladığı vaxt və ondan sonra kluba etdiyi jestləri niyə dilə gətirmir, Ehtiram Quliyev?
Bəlkə hörmətli sədrin onun «Turan»a xərlədiyi puldan, onun miqdarından xəbəri yoxdur? Elə isə biz onu yaxın keçmişə ekskursiyaya aparaq.
Deməli, Abbasovu baş məşqçi gətirən zaman «Turan»» bir həsir idi, bir Məmmədnəsir. Onda klubdan söhbət getmirdi, sadəcə, bir neçə nəfərdən ibarət komanda var idi. Adi inventar tapılmırdı.
Su belə qəhətə çıxmışdı, onu almağa 3-5 manatı kimsə vermirdi. Ayxan Abbasov isə klubun ovaxtkı idman direktoru Nadir Nəbiyevə söz vermişdi ki, işə 0-ın altından başlamalı oldu.
Öz cibindən pul verdi, inventar aldırdı.
Öz cibindən pul verdi, geyim aldırdı.
Öz cibindən pul verdi, futbolçuların Gürcüstana səfərini təşkil elədi, bilet aldırdı.
Öz cibindən pul verdi, yeməkxananın soyuducusunu ərzaqla doldurdu.
Öz cibindən pul verdi, bəzi oyunçuların maaşının üstünü düzəltdi, Tovuza gəlməyə razı saldı.
Öz cibindən pul verdi, onların paltarlarını yudurtdu.
O qədər belə jestləri oldu ki onun…
Bütün bunları klubdan pul qazana-qazana etmədi. Bütün bunları ailəsinin, uşaqlarının boğazından kəsərək etdi, «Turan»ı çempionata hazır vəziyyətə gətirdi.
Hətta Ehtiram Quliyev «Turan»ı himayəsinə götürəndən sonra da kluba yardımlarının miqdarını azaltmadı, maaşından hər ay 2000-3000 manatı görünməyən xərclərə sərf elədi.
İndi Berdiyev burada yüzminlərlə dollar qazanır və hörmətli sədr ondan ağızdolusu danışır. Amma dönüb dünənə baxmır, öz azərbaycanlısının klub üçün gördüyü işlərin üstündən dərin sükutla keçmir.
Sanki «Turan» bu jestləri yalnız Berdiyevdən görüb, ondan qabaqkı baş məşqçi və Nadir Nəbiyev heç nə etməyib.
Biz dəyərli Ehtiram Quliyevi səmimi olmağa dəvət edirik. Yaxşı olar ki, dünənki günü unutmasın, çünki sabahı bilmək olmaz.
Hələ onu da bilmək olmaz ki, Quliyevin ayağı bir balaca büdrəsə, Berdiyev onu tək buraxıb getməyəcək.
Qaranquş gəldi-gedərdi, adama qalan sərçə olacaq. Ehtiram Quliyev özünü elə aparmalı, elə danışmalıdır ki, vəziyyəti pisləşsə, onlara dönməyə üzü olsun.
MUSA