“Turan Tovuz” qış fasiləsində heyətini rusiyalı yarımmüdafiəçi ilə gücləndirdi.
Moskva ÇSKA-sının yetirməsi olan Anton Kraçkovski Qazaxıstan macərasından (“Kayrat”ın formasını geyinib) sonra Azərbaycanda legioner həyatı yaşayacaq.
22 yaşlı futbolçu “Kayrat”da çıxış etdiyi dönəmdə klub televiziyasına verdiyi müsahibədə özünü azarkeşlərə yaxından tanıdıb.
Odur ki, sizi də Antonun kimliyi maraqlandırırsa, oxuyun.
- Futbola gəlişin və ÇSKA-da keçirdiyin günlər barədə nə danışa bilərsən?
- Moskvada anadan olmuşam. Hazırda Lobnya şəhərində anamla yaşayıram. Futbol oynamağa 5 yaşımda başlamışam. O dönəmdə məni məşqlərə nənəm aparıb-gətirirdi. 7-8 yaşım var idi, “Ximki”yə baxışa çağırdılar. Bir müddət orada məşq edəndən sonra ÇSKA-ya yollandım. Mən gedəndə yay fasiləsiydi deyə, 1 aydan sonra gəlməyimi istədilər. Getdim, təxminən 1 ay məşq etdim, dəqiq söz deyən yox idi. Artıq içimdə böyük narahatlıq var idi. Ancaq dayanmırdım, daha çox çalışırdım. Günlərin birində ÇSKA-nın akademiyasında davam edəcəyimi dedilər.
- Uşaq yaşlarında futboldan başqa hansı məşğuliyyətlərin var idi?
- 5 yaşımda futbola başlayanda, eyni zamanda güləşə də yazılmışdım. Bir müddət keçəndən sonra ikisini bir yerə sığışdırmağın çətin olduğu bilindi. Nənəmə seçimimi bildirməliydim – futbol, yoxsa güləş? Futbolu seçdim.
- Evdəkilər futbolla məşğul olmağına necə yanaşırdılar? Dəstək hiss edirdin?
- Anam, nənəm, babam – hər birində inanılmaz dəstək görmüşəm. Özləri də deyirdilər ki, böyüyəndə yaxşı futbolçu olmağını istəyirik.
- ÇSKA-dan başqa hansı komandaya simpatiya bəsləyirsən?
- Hər zaman ÇSKA-ya azarkeşlik etmişəm. Uşaq idim, ÇSKA “Mançester Yunayted”lə 3:3 oynamışdı. O vaxt öz-özümə demişdim ki, bir gün mən də bu formanı geyinəcəyəm. Nəhayət, qismət oldu.
- Prinspial rəqiblər hansılardır sənin üçün?
- “Spartak”, “Zenit”, “Dinamo Moskva”... Bunlar top rəqiblərdir.
- Özünə qarşı mühakiməni necə qəbul edirsən?
- Müsbət. Baxır kim mühakimə edir. Yoldan keçəndirsə, ciddiyə almıram. Yox, əgər məşqçi nəsə deyirsə, nəyisə başa salırsa, qulaq asmaq mütləqdir.
- Müsbət və mənfi cəhətlərinin hərəsi barədə üç fakt deyə bilərsən?
- Özümə qiymət verməyi sevmirəm, açığı.Üstün tərəflərim meydanı görməyim, və az-çox texnikalı olmağımdır. Üçüncünü deyə bilməyəcəyəm. Mənfilərə gəlincə, rəqibdən top almağım və ikili mübarizələr. Xüsusən rəqibim cüssəli olanda, çox çətinlik çəkirəm.
- Ən sevdiyin futbolçu kimdir və niyə?
- Marko Verattini bəyənirəm. Top alarkən gövdəsindən istifadə etməyi, ani qərar verməyi, topla davranışları – hamısı inanılmaz dərəcədə möhtəşəmdir. Andread İnyesta da fantastik futbolçu idi.
- Yaxın gələcək üçün hədəflərin nədir?
- Məşqdən-məşqə artıraraq bir yerdə dayanmamaq. Daim inkişaf etmək istəyirəm. ÇSKA yenidən çağırsa, əla olar.
- Antonu 5 ildən sonra təsəvvür edək. Kimsən? Harada oynayırsan? Nələrə nail olmusan?
- Ən böyük arzum ölkə xaricində çıxış etməkdir. Yaxşı futbolçu olmağı arzu edirəm.
- Futbolu seçməsəydin, hansı sənətin sahibi olardın?
- Çətin sualdır. Yəqin ki, dərslərimi daha yaxşı oxuyub, universitetə qəbul olardım. Sonda seçdiyim ixtisas üzrə işləyərdim.
- Boynundakı döymələrin mənası nədir?
- Uçan qaranquşların şəkilləridir. Bu, uğura doğru mənasını verir. “Todo Pass” yazısı isə ispancadan tərcümədə “hər şey gəlib-keçir” deməkdir. Həqiqətən də belədir. Həyatda hər şey keçicidir, istər yaxşı günlər olsun, istərsə də pis anlar. Ona görə də hər dəqiqədən zövq almaq lazımdır.
HƏBİB / SPORTİNFO.AZ