“Turan Tovuz”un Kürdəxanı layihəsinin inşası qaldığı yerdən davam edir.
Hazırda məşq bazasının tikintisi ilə yanaşı, meydançaların ot örtüyünün ideal vəziyyətə gətirilməsi üçün son tamamlama işləri aparılır.
Amma bura vaxtında təhvil verilməyəcək.
Halbuki “Turan Tovuz” təqribən 3 ay öncə açıqlama yayaraq, işlərin ən geci dekabrın sonunadək başa çatdırılacağını xəbər vermişdi.
Vədin yerinə yetirilməməsini havaların qeyri-sabit keçməsi ilə əlaqələndirirlər, inanmayın, boş söhbətdir. Oktybrda icrası həyata keçirilən layihənin 2 ay müddətində yarımçıq qalması Ehtiram Quliyevlə əlaqədardır.
Klubun İdarə Heyətinin sədri sənədləşmə prosesində səhlənkarlığa yol verdiyindən, tikintinin gedişində problemlərlə üzləşmişdi.
Baza ən yaxşı halda martda qapılarını açıq elan edəcək. Onda da tam şəkildə yox. Yalnız bir meydança istifadəyə veriləcək.
İş adamı sözügedən qəsəbədə 5 hektara yaxın ərazi alıb. Burada 2 təbii, 1 süni örtüklü meydançanın salınması nəzərdə tutulub.
Faktiki olaraq Tovuzdan köç etmiş «Turan» bundan sonra Kürdəxanıda məskunlaşacaq. Qərb təmsilçisinin həm əsas, həm də aşağı yaş qrupları üzrə komandaları burada mənzillənəcək.
Həmçinin digər klublar da sözügedən futbol qurğusundan yararlanmaq imkanı əldə edəcək.
Hər halda tovuzlu tikinti maqnatının Bakı ətrafında baza salmasının əsas səbəblərindər biri budur. Kim məşq etmək istəyəcəksə, bura günlük ödəmə edəcək.
Başqa sözlə, Ehtiram Quliyev bir güllə ilə iki dovşan vurmaq niyyəti ilə layihənin gerçəkləşməsinə vəsait ayırıb. Yəni ki, fikri yalnız «Turan»ın qayğısına qalmaq deyil, habelə pul qazanmaq, şəxsi büdcəsini artırmaqdır.
Quliyevin bu projesi bəribaşdan birmənalı qarşılanmayıb. Tovuzlu futbolsevərlər onun doğma rayondan xeyli uzaqda belə iş tutmasını sərt tənqid atəşinə tutub.
Sosial şəbəkələr bu tip rəy və statuslarla doludur. Yerli publika iş adamını qınayır,
«Turan»ı Tovuzdan uzaqlaşdırmaqla səhv istiqamət götürdüyünü deyir. Hətta təklif edirlər ki, o, klubun adını dəyişsin, «Turan Kürdəxanı» qoysun.
SPORTİNFO.AZ