Dekabrın əvvəlində insult keçirən “Turan Tovuz”un baş meneceri İman Həsənov müalicəsini ev şəraitində davam etdirir.
Səhhətində gözlənilmədən problem aşkarlanan Premyer Liqanın ən stajlı rəsmilərindən biri təcili əməliyyat olunmuşdu.
Əməliyyatın xərclərini “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev üzərinə götürmüşdü.
Maraqlıdır, klub rəhbərliyi indiki məqamda nə düşünür? Həsənovun yerini yeni kadrla doldurmaq planı var, yoxsa İman bəyin ayağa qalxacağı günü gözləyirlər?
Məsələ ilə bağlı hansı qərarın verildiyini klubun mətbuat katibi Süleyman Tağıyevdən soruşduq:
“İlk növbədə İman Həsənova Allahdan şəfa diləyir, tezliklə sıralarımıza qayıtmağı arzu edirik. Əməliyyat uğurlu keçib. Ona görə də yaxın zamanlarda bizimlə birlikdə olacağına ümid edirik.
Fiziki olaraq İman Həsənovu heç kim əvəz edə bilməz. Son oyunlarda yaranan boşluğu inzibati heyətdəki işçilər doldururdu.
Odur ki, yeni işçi ilə güclənməklə bağlı hər hansı plan yoxdur”.
Maraq üçün bildirək ki, İman bəy Azərbaycanın ilk milli çempionatından bu günə qədər klub sektorunda çalışan yeganə şəxsdir.
HƏBİB / SPORTİNFO.AZ