COP29

Bəhanə pis seçilməyib - AFFA bizə yardım etmir

29 Dekabr 2024 16:05 Turan 801
Bəhanə pis seçilməyib - AFFA bizə yardım etmir

"Turan Tovuz" ötən yay tanınmış əcnəbi mütəxəssis Kurban Berdiyevlə anlaşdı. Təbii ki, qəpik-quruşa yox.

Ardınca heyətin qorunması üçün kisənin ağzı açıldı. Əksər futbolçulara ötən il qazandığından iki dəfə artıq əməkhaqqı təyin olunmaqla yeni müqavilə imzalandı.

Kollektiv qışa fasiləsinə qədər uğurlu çıxışla yadda qala bildi. Bunun özü də əlavə xərc deməkdir. Çünki hər dəfə əldə olunan qələbələrə, bəzən bərabərliklərə görə böyük məbləğdə mükafatlar ayrıldı.

Bu gün isə görürük ki, qış təlim-məşq toplanışı üçün ölkə xaricinə gedən yeganə komanda "Turan Tovuz"dur. Təbii ki, konfet kağızı ilə yox.

Göründüyü kimi, işin bu tərəfindən heç bir problem yoxdur. Nəticə qazanmaq üçün klubun rəhbəri Ehtiram Quliyev böyük məbləğdə pullar xərcləyir.

Amma nədənsə Tovuz şəhər stadionun ot örtüyünə gələndə daş atıb, başını tutur.

Ki, xərclərin yarısını AFFA versin.

Əvvəla federasiya niyə klub üçün stadion təmir etməlidir? Bir halda ki, həmin stadion heç AFFA-nın balansında belə deyil.

Digər tərəfdən axı söhbət hansısa autsayder, imkansızlıqdan əziyyət çəkən klubdan getmir. Deyəsən ki, futbola cavabdeh qurum kömək əlini uzatsa pis olmaz.

Bu gün ən azı yuxarıdakı faktlar göstərir ki, Quliyev üçün meydançanın örtüyünü dəyişmək ciddi problem olmamalıdır.

Əgər istək olsa.

Görünür, bölgə klubunun rəhbəri üçün indiki məqamda Tovuz şəhər stadionuna xərc çəkmək maraqlı deyil.

Bəhanə də pis seçilməyib - AFFA bizə yardım etmir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2024 22:30 “Neftçi”də neçə lider var?