"Turan Tovuz"un iranlı müdafiəçisi Araş Qaderi Premyer Liqanın 18-ci turunda "Neftçi" ilə bərabərə bitən (1:1) qarşılaşma haqda Sportinfo.az-a müsahibə verib.
- Qarşılaşmanı necə şərh edərdin?
- Fiziki gücə dayanıqlı oyun oldu. İlk hissə yox, amma ikinci yarı üstün tərəf idik. Uğursuz məqam odur ki, qol imkanlarını dəyərləndirə bilmədik.
- İki fərqli hissə keçirməyinizin səbəbi nədir?
- Futbolda belə şeylər olur. Başlanğıcda yaxşı görünməsək də, dəqiqələr ötdükcə matça daha yaxşı uyğunlaşa bildik. Ola bilər "Neftçi" turnir cədvəlində yaxşı yerdə olmasın, amma güclü komandadır.
- Son dəqiqələrdə qaçan qol imkanlarını nəzərə alsaq, bu gün iki xal itirdiyinizi demək olar?
- Şansımız gətirmədi. İstəməzdik ki, xal itirək. Bunu şanssızlıqla əlaqələndirərdim.
- Çempionatın birinci yarısını üçüncü pillədə bitirdiniz. Nəticə sizi qane edir, yoxsa daha yaxşı ola bilərdi?
- Çalışaraq bu yerə qalxdıq. Fasilədə yaxşı məşq edəcəyik. Yeni transferlər, yəqin ki, olacaq. Bundan sonra mövqeyimizi daha da gücləndirəcəyik.
XANOĞLAN İMANOV