Bilindiyi kimi, iş adamı Ehtiram Quliyevin rəhbərlik etdiyi yeni şirkət dövlət qeydiyyatına alınıb.
Dövlət qeydiyyatına alınan şirkət "Turan FK" MMC adlanır.
Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Azərbaycan ev 54, m. 2-də yerləşir.
Ehtiram Quliyev hazırda "Turan Tovuz"un İdarə heyətinin sədridir. Bu klubun rəsmi adı "Turan Tovuz” Peşəkar Futbol Klubu İctimai Birliyidir.
"Turan Tovuz" adının dəyişdirilməsi üçün AFFA-ya müraciət edib. Müraciətə qurumun İcraiyyə Komitəsinin dekabrın 17-də keçirilən iclasında baxılıb.
Bu haqda saytımıza federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departametinin rəisi Elnur Məmmədli bildirib:
«İcraiyyə Komitəsinin üzvləri iclasda həmin məktubla tanış oldular. Bununla bağlı, “Turan Tovuz”a AFFA tərəfindən rəsmi cavab göndəriləcək».
Vaxtilə borc məsələlərinə görə klub müxtəlif vaxtlarda bir necə oxşar adı sınayıb. «Turan T» onlardan biridir. Tovuz I Liqada bir müddət bu adla təmsil olunub.
İndi istər mediada, istərsə də sosial şəbəkələrdə müzakirə olunan məsələ budur ki, ad dəyişikliyi həm də "Turan" adı altında faəliyyət göstərmiş klubun borclarını ödəməsindən sonra baş verə bilər. Çünki hazırkı "Turan Tovuz"un hüquqi baxımdan "Turan"a bağlılığı yoxdur.
İllər əvvəl "Turan"ın "Turan Tovuz"a çevrilməsinin səbəbi məlumdur. Təqribən 10-12 il öncə futbolçular və komandanın sabiq baş məşqçisi Naci Şensoy qarşısında borc yaranmışdı,
FİFA komandanın köhnə adla varlığını davam etdirməsinə imkan verməyəcəkdi. Həmin vaxt «Turan»ın prezidenti Musa Süleymanov idi.
O, vəzifədən gedəndən sonra Namiq Məstanov «Turan»ı «Turan T»yə çevirərək, klubu beynəlxalq futbol qurumunun cəzasından yayındıra bilmişdi.
İndi də oxşar yolu Ehtiram Quliyev tutub. Əvvəlki «Turan» İctimai Birlik (İB) olaraq fəaliyyətə başlamışdısa, yeni "Turan FK" MMC-dir.
Bu isə o deməkdir ki, "Turan FK" MMC "Turan" İB-nin davamçısı deyil və onun öhdəliklərini daşımayacaq.
SPORTİNFO.AZ