“Turan Tovuz” bugünlərdə başına bədbəxt hadisə gələn Denis Marandiçinin müqaviləsini dondurmağa hazırlaşır.
Bu haqda saytımıza klubdan məlumat verilib.
Bildirilib ki, moldovalı legionerin sözləşməsinin minimum 6 ay “yerində sayması“ gündəmdədir və məsələ rəhbərlik səviyyəsində müzakirə olunur.
Hələlik bu barədə müdafiəçiyə heç nə söylənilməyib. Ancaq qarşıdakı günlərdə Denislə müvafiq söhbət aparılacaq.
Burada hər şey Marandiçinin aldığı xəsarətin nə vaxt sağalmasından asılıdır. Onun dönüşü göstərilən müddətdən də artıq vaxt apararsa, kontrakt 8 aydan 1 ilə kimi dondurulacaq.
Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Turan Tovuz” - “Sabah” matçında Marandiçinin rəqib hücumçu Pavol Safranko ilə top uğrunda mübarizəsi zamanı ayağı qırılıb.
O, bir neçə gün əvvəl əməliyyat olunub. Ayaq nahiyəsinə 14 bolt qoyulub və iki yerdən sınmış sümüklər dəmir vasitəsilə bir-birinə birləşdirilib.
Moldovalı ayyarım ərzində ayağını yerə basa bilməyəcək. İki əsanın ümidinə qalan legioner bərpa prosesini Portuqaliyada keçəcək. Çünki ailə üzvləri məhz sözügedən ölkədə yaşayır.
SPORTİNFO.AZ