Deyəsən, Ehtiram Quliyev gerçəyi, gec də olsa, başa düşüb.
«Turan Tovuz»un İdarə Heyətinin sədri artıq Premyer Liqa ilə bağlı xam xəyallar qurmur.
Hər halda klubdan aldığımız son informasiyalar bütünlüklə bu yöndədir. Verilən məlumata görə, iş adamı komandadan daha medallar aparmasını gözləmir.
Kurban Berdiyevi posta gətirən və yeni baş məşqçinin yolunda külli miqdarda pul xərcləyən biznesmen anlayıb ki, Premyer Liqa yolu ilə avrokuboklara vəsiqə qazanmaq heç də asan olmayacaq.
Qərb təmsilçisi 15 tur ərzində 27 xal toplayıb. Lider «Qarabağ»dan 10, ikinci pillədəki «Araz-Naxçıvan»dan 9 xal geri qalan «Turan» üçüncü sırada qərarlaşıb.
Ehtiram Quliyev mövsümün qarşıdakı hissəsinin daha gərgin keçəcəyinin fərqindədir.
Bilir ki, böyük transfer büdcəsi ayırmasa və bahalı transfer əməliyyatları həyata keçirməsə, iddialılar qrupunda qalmaları qeyri-mümkündür, tezliklə üzüaşağı yuvarlanacaqlar.
O, yaxın çevrəsiylə söhbətlərində artıq qitə arenasına çıxmağın alternativ yolu barədə tez-tez danışır. Bildiz yəqin, Quliyev gözünü daha ölkə kubokuna dikib.
Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə start veriləcək. Elita klublarından “Turan Tovuz” və “Sabah” 1/4 finala adlamaq üçün bir-biri ilə qarşılaşacaq.
Quliyev ən azı finaladək gedib çıxmağı arzulayır.
Bu gün «Sabah»ı mübarizədən kənarlaşdırsalar, futbolçulara 80 min manat civarında mükafat ödəməsi gözlənilir. Yarımfinal mərhələsində isə məbləği daha da artıracaq.
Berdiyev sədrin istəklərindən xəbərdardırmı? Rusiyalı çalışdırıcı nə onu, nə də digər funksiyaları dinləyir.
Daha doğrusu, idarəçilərin heç biri baş məşqçiylə üzbəüz söhbətlərdə konkret hədəflər barədə danışmağa cəsarət etmir.
Düzünü demək lazımdır: ondan çəkindikləri qədər «xoxan»dan qorxmurlar.
SPORTİNFO.AZ