“Çətin oyun olacağını bilirdik, ona görə də matça yaxşı hazırlaşmışdıq”.
“Turan Tovuz”un futbolçusu Faiq Hacıyev Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”a yenilgini şərh edib.
Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan komandaların dueli gərgin keçsə də, yekunda qələbəyə sevinən naxçıvanlılar oldu - 1:0.
25 yaşlı müdafiəçi uğursuzluğu oyunlarının alınmaması ilə əlaqələndirib:
“İstədiklərimizi tam yerinə yetirə bilmədik. Belə oyunlarda bir qol vuran istəyinə çatır.
Təəssüf ki, həmin qolu biz yox, rəqib vurdu. Bu matçdan dərs çıxarıb yolumuza davam edəcəyik.
Çempionat uzun marafondur, qarşıda bizi çox görüşlər gözləyir. Nə olacağını indidən deyə bilmərik”.
Bölgə təmsilçisinin üzvləri və azarkeşləri oyunboyu baş hakim Cavid Cəlilovun qərarlarına etiraz edir, idarəçilikdən narazı görünürdülər.
Faiq referini oyunun tempini aşağı salmaqda günahlandırıb:
“Hakimliklə bağlı danışmağı xoşlamıram. Onu deyə bilərəm ki, ikili mübarizələr zamanı çox fit çalırdı. Belə hallar bu cür matçların tempini aşağı salır”.
HƏBİB