«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyevin işləri tərs getməyə başlayıb.
O, doğma rayonunda futbol bazası tikmək planını növbəti dəfə ertələməli olub.
İş adamı böyük problemlə üzləşib, əslində.
Məsələ ondadır ki, Quliyevin təqribən 1 il öncə aldığı torpaq sahəsinin ümumi hissəsi 1 hektardır. Çay kənarında yerləşən əraziyə bitişik boş sahə var, hansı ki, 4 hektardır.
Həmin yer Tovuz rayon İcra Hakimiyyətinin (İH) balansındadır. Yerli İH ilk vaxtlar ona razılıq vermişdi ki, 4 hektarı da aldığı sahəyə qataraq, böyük baza inşa etsin. İndi isə Quliyev bu jestdən məhrumdur.
Ona xəbərdarlıq olunub ki, yalnız pəsmi surətdə aldığı torpaqda tikinti apara bilər, qalan sahəyə əlini də vurmasın.
Təbii ki, bu, biznesmenin planlarının alt-üst olması deməkdir. Bir hektarlıq sahədə normal baza inşa etmək qeyri-mümkündür.
Onu da diqqətə çatdıraq ki, Quliyevin Kurdəxanı qəsəbəsində yerləşən yeni bazasının tikintisi də 1 aydan artıqdıır yarımçıq dayandırılıb. Təbii meydançalardan yalnız birinə toxum səpilib.
İnşaat işlərinə Sabunçu rayon İcra Hakimiyyətinin göstərişi ilə məcburi ara verilib. Belə ki, yerli rəsmi dairələr layihənin icrası üçün sənədlərin təqdim edilməsini istəyib.
Bu zaman üzə çıxıb ki, demə, Ehtiram Quliyevi ərazini satın alsa da, tikintinin başlanmasına icazə almayıb.
Odur ki, tərəflər arasında mübahisə düşüb. Klubun İdarə Heyətinin sədrinə öncədən bununla bağlı bir neçə xəbərdarlıq olunub, o isə əhəmiyyət verməyib.
Yekunda İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək, inşaatın qanunsuz olmasını bildirib.
Göründüyü kimi, iş adamının ətrafında yaranan problem çox ciddidir. O, daha ilk vaxtlardakı kimi güclü görünmür. Təsir dairəsi balacalaşmaqda, təzyiq dairəsi böyüməkdədir.
Və bu, heç də təsadüfə oxşamır. Ehtimal ki, hansısa səviyyədə «texniki səhv»ə yol verib və müvafiq dairələr bundan xəbərdar olub.
SPORTİNFO.AZ