COP29

Getdiyi hər klubdan qalmaqalla ayrılan Berdiyev "Turan"ı da yarı yolda qoyacaq?

00:40 Turan 330
Getdiyi hər klubdan qalmaqalla ayrılan Berdiyev "Turan"ı da yarı yolda qoyacaq?

Kurban Berdiyevin “Turan”dan mümkün istefası ilə bağlı söz-söhbətlər 72 yaşlı məşqçinin əvvəlki klublarından necə və hansı səbəblərdən getməsini xatırlatmağı zəruri edir.

“Rubin”də 12 ildən çox çəkən (2001-2013) uğurlu karyerasından sonra türkmən-rusiyalı mütəxəssisin çalışdığı klublardan gedişi problemli olub.

Berdiyev 2016-cı ildə “Rostov”u tarixində ilk dəfə Rusiya çempionatının gümüş mükafatçısı edib Çempionlar Liqasına vəsiqə qazandırdıqdan sonra istefa vermiş və bunu klubun məşqçilərə, oyunçulara və komanda heyətinə olan maaş borcu ilə izah etmişdi.

Həmçinin onun gedişinə səbəb kimi komandanın gücləndirilməsi ilə bağlı Rostov vilayətinin rəhbərliyi ilə fikir ayrılıqları və klubun sponsorlarından biri, iş adamı İvan Savvidi ilə münaqişəsi də göstərilmişdi.

“Rubin”ə ikinci qayıdışı cəmi iki il davam etmiş, 2019-cu ilin iyununda klubla müqaviləsi bitməmiş vəzifəsindən azad edilmişdi

. İldə 3 milyon avro maaş alan məşqçinin komandasının nəticələri və göstərdiyi oyun klub rəhbərliyinin ürəyincə deyildi. Berdiyevlə "Rubin" iki mövsümdə Rusiya çempionatında əvvəlcə 10-cu, sonra da 11-ci yeri tutmuşdu.

Sonra məşqçi karyerasına iki il müddətinə fasilə vermiş, nəhayət, 2021-ci ilin avqustunda vaxtilə futbolçu kimi çıxış etdiyi və çalışdırdığı “Kayrat”a qayıtmışdı.

Berdiyevin komandasının Konfrans Liqasının qrupunda hər iki oyunda “Qarabağ”a eyni – 1:2 hesabı ilə uduzması da yaxşı yadımızdadır.

2022-ci ilin mayında Almatı təmsilçisinin fan-klubu Berdiyevi komandaya hücum futbolu oynatdırmağa və ya istefaya getməyə çağırmışdı. Nəhayət, iyunda məşqçi müqaviləsinin müddətinin bitməsinə altı ay qalmış maliyyə problemləri yaşayan Qazaxıstan klubundan ayrılmışdı.

Elə həmin ay İran çempionatında çıxış edən “Traktor”da işə başlayan Berdiyev Təbriz klubunda cəmi 11 oyun tab gətirdi.

Gözlənilmədən 2022-ci il noyabrında daha sərfəli təklif aldığı Rusiyaya qayıtmaq qərarına gəldi. Cənubi Azərbaycan təmsilçisinin azarkeşləri məşqçinin gözlənilməz gedişinə belə reaksiyalar vermişdilər:

“Məgər o, peşəkar məşqçi deyil? Klubumuz strategiya seçimini ona həvalə edib, futbolçular alıb. İndi isə o, gedir - ürəyimiz qırılıb. Bu, “Traktor” və onun hər gün stress keçirən azarkeşlərinə qarşı son dərəcə qeyri-peşəkar və sərt davranışdır”.

“İran çempionatında peşəkarlıq və inkişaf yoxdur. Öz planına uyğun qurduğun komandadan mövsümün qızğın vaxtında ayrılırsan. Müqavilələri elə tərtib etmək lazımdır ki, məşqçi 15 təklif olsa belə, getmək barədə düşünməsin”.

“Ona çatdırın ki, azarkeşlərimizə hörmət etmir, heç olmasa komandaya gətirilən əcnəbiləri özü ilə aparmasın”.

Həmin ilin sonunda iki il yarım müddətinə “Soçi”nin baş məşqçisi təyin olunan Berdiyev orada üç ay yarım qala bildi: 2023-cü ilin aprelindən klubdan getməli oldu.

Ehtimala görə, məşqçi komanda ilə bundan artığını edə bilməyəcəyini anlayaraq “işgəncəni uzatmamaq” qərarına gəldi. Ayrılmanın başqa bir versiyası rəhbərliklə münaqişə idi. Belə ki, Berdıyevin komandasının göstərdiyi nəticələr və oyun tərzi klub rəhbərliyini qane etmirdi.

Berdiyev 2023/24 mövsümünə Mahaçqala “Dinamo”sunda başlasa da, qış fasiləsində Rusiya Birinci liqasında lider olan klubu gözlənilmədən tərk etdi.

Deyilənə görə, kluba yatırılan sərmayənin səviyyəsi qocaman məşqçini qane etmirdi. Belə ki, güclü futbolçularla müqavilə bağlamaq üçün kifayət qədər büdcə olmayıb.

Başqa ehtimala görə, klub prezidenti, özü də böyük məşqçilik təcrübəsinə malik Hacı Hacıyevin vaxtaşırı məşq prosesinə müdaxiləsi Berdıyevin xoşuna gəlmirdi.

Hacıyev özü bununla bağlı belə demişdi: “Hansı ehtimallar var? Bəlkə Berdiyevə başqa səviyyədə komanda lazımdır. Bəlkə onun istədiyi oyunçuların hamısını dəvət edə bilməmişik. Amma bu, sadəcə bizim fərziyyələrdir”.

Həmçinin səbəb kimi Berdiyevin Azərbaycan millisində çalışmaqla bağlı daha sərfəli təklif aldığı bildirilsə də, o, ölkəmizə həmin söhbətin çıxdığı fevralda deyil, iyunda gəldi. Özü də milliyə deyil,

“Turan Tovuz”a və 2+1 il müddətinə anlaşmaqla. Yeri gəlmişkən, o vaxt “Sportinfo” məlumat vermişdi ki, təcrübəli məşqçi ilk ilində 250 min dollar qazanacaq, sonrakı mövsümdəsə bu rəqəm daha 100 min dollar artırılacaq.

Bütün bu hadisələri nəzərə alaraq, Berdiyevin “Turan Tovuz”u da yarı yolda qoyacağını düşünməmək mümkündürmü?

Rasim Mövsümzadə

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi