"Turan Tovuz”un insult keçirən baş meneceri İman Həsənovun vəziyyəti nisbətən yaxşılaşıb.
Bu barədə klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O, atasının reanimasiyada olduğunu bildirib:
"Atam hazırda reanimasiyadadır və bazar ertəsinə qədər orada qalmalıdır. Lakin əvvəlki günlərə nisbətən durumunu qənaətbəxş hesab etmək olar.
Ən azı indi gözünü açıb və ayağını tərpədə bilir. Əsas problem sağ əlində və nitqindədir. Sol beyin yarımkürəsində beyin infarktı aşkarlanıb" (report).
Tovuz təmsilçisinin idman və marketinq üzrə direktoru Səməd Nəsibov isə Sportinfo.az-a bildirib ki, adıçəkilən funksionerin həyati təhlükəsi qalmaqdadır:
"Hadisə səhər saatlarında baş verib. Evdə yatdığı vaxt halı qəfildən pisləşib. Xanımı görüb ki, İman bir böyrü üstə yıxılıb və səsi xırıldayır.
Hadisədən hələ bir neçə gün öncə başındakı ağrılardan şikayət edirdi. Deyirdim ki, get, müayinədən keç, bununla zarafat elə.
O da dedi ki, həkim qohumlarımdan soruşmuşam, adi soyuqdəymədir. Açığı, son vaxtlar üzünün rəngi də bir qədər dəyişmişdi.
İman hazırda Bakının ən böyük xəstəxanalarından birindədir. Həkimlər beynində tromb aşkarlayıb.
Elə o gün təcili əməliyyat olunub. Əməliyyatın bütün xərclərini klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyev çəkib.
Xəstəxananın günlük xərclərini də Ehtiram müəllim öz üzərinə götürüb. Həkimlərin dediyinə görə, 3 gün gözləmək lazımdır.
Dedikləri vaxtın başa çatmasına 1 gün qalıb. İnşallah, sabah da hər şey qaydasında olsa, həyati təhlükəsi keçəcək.
İman hazırda komada deyil, amma heç kimi tanımır. Hələlik sağ əlini tərpədə və danışa bilmir.
Səsə ayılır, amma reaksiyası qeyri-adekvatdır. Gözünü məchul nöqtəyə dikir.
İstənilən halda gözləmək lazımdır. Hamımız çox olmuşuq, amma ümidimizi itirmirik. Dua edirik ki, sağalsın və ailəsinin yanına dönsün".