COP29

Berdiyevin "Turan" rəhbərliyi ilə yaşadığı konflikt Rusiya mediasına sızdı - Təsadüfmü?

20:00 Turan 307
Berdiyevin "Turan" rəhbərliyi ilə yaşadığı konflikt Rusiya mediasına sızdı - Təsadüfmü?

Rusiya mətbuatı “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyevlə ilgili yeni iddia ilə çıxış edib.

Bu ölkənin aparıcı idman KİV-ləri onun Azərbaycandan ayrılmasına dair xəbərlər paylaşıb.

Yerli həmkarlarımızın yaydığı məlumata görə, Berdiyev rəhbərliklə dəfələrlə konfliktə girib və sonda Tovuzu tərk etmək qərarı verib. İddiaya görə, artıq «Turan» Dmitri Smirnov və Aleksandr Naqornı ilə danışıqlar aparır.

14 turdan sonra “Turan Tovuz” Premyer Liqada üçüncü pillədə qərarlaşıb. Kurban Berdiyev bura 2024-cü il iyun ayında baş məşqçi təyin edlib.

Rus mediasının «getdi» başlığı ilə tirajladığı informasiya doğru deyil. 72 yaşlı mütəxəssis hələ ki, Azərbaycandadır.

Düz başa düşdüz, hələ ki.

Ayrılıq hər an, elə günü sabah reallaşa bilər. Sabah olmasa da, gələn həftələrdə, dekabrın son ongünlüyündə «Turan»dan çıxıb getməsi istisna olunmur.

Klub rəsmiləri çıxıb hər söz deyə, yayılan xəbərləri təkzib edə bilər - bu, yenə də həqiqətin üzərinə kölgə salmayacaq. Mümkün deyil.

Tərəflərin münasibətlərində gərginliyin hökm sürməsi dəqiqdir. Berdiyev «Turan»dan getmək niyyətində olmasını ilk dəfə «Səbail» ilə səfər matçından (1:1) sonra açıq-aşkar göstərib.

Biz də bu haqda kifayət qədər etibarlı mənbələrə istinadən məlumatlar paylaşmışıq. Detallara girmədən bir daha qeyd edək ki, türkmən kökənli mütəxəssis hazırkı heyətdən narazıdır və bahalı transferlər istəyir.

Ümumi qiyməti 1,8 milyon dollar civarında olan iki legioner alınmasa, o, yəqin ki, inadından dönməyəcək və Rusiyaya qayıdacaq.

Hamımız onu belə tanımışıq - hansı klubda işləyibsə, tələblərinin yerinə yetirilməsini gözləyib. Həmin gözləntiləri olmayıbsa, arxasına baxmadan gedib.

Ehtiram Quliyev «Turan»ı avrokuboklarda göroməyi arzulayır. Bundan ötrü kisənin ağzını geniş açıb. Berdiyevə ideala yaxın şərait yaradıb.

Təbii, mövcud reallıqlar və imkanlar daxilində. Amma görünür, bütün bunlar baş məşqçiyə kifayət etmir. Daha çoxunu, daha yaxşısını istəyir. İdarə Heyətinin sədrinin isə ona maddi gücünün çatacağı az inandırıcıdır.

Hər bir halda belə xəbərlərin Rusiya mediasına ayaq açması ciddi anonsdur. Və burada təsadüf axtarmağa dəyməz. Necə deyiblər, od olmayan yerdən tüstü çıxmaz.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti