«Turan Tovuz»un futbolçuları klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevi qəzəbləndirib.
Komandanın Premyer Liqanın 13-cü turunda «Səbail»i uda bilməməsi iş adamının əsəblərinə toxunub.
Adətən, Tovuzda əldə olunan 1 xala görə belə, mükafat paylayan biznesmen Bayılda qeydə alınan 1:1-ə 1 qəpik də verməyib.
O, məğlubiyyətdən güclə qurtulan kollektivi zəif oynamaqda qınayıb və əlini cibinə salmayıb.
Bakıətrafı qəsəbədə keçirilən görüşdə hesabı «Səbail» açıb.
Səbuhi Abdullazadənin ilk hissədə vurduğu qola «Turan» yalnız son dəqiqələrdə cavab verib. Faiq Hacıyev 86-cı dəqiqədə status-kvonu bərpa edib.
Bu nəticə Tovuz təmsilçisini zirvədən bir qədər də uzaq salıb. Kurban Berdiyevin çalışdırdığı komanda şazırda 26 xalla turnir cədvəlinin üçüncü pilləsindədir.
SPORTİNFO.AZ