Həftəsonu Premyer Liqada 12-ci turun oyunları keçiriləcək.
Turnir cədvəlinin ilk pilləsində qərarlaşan «Qarabağ» səfərdə ən yaxın izləyicisi «Turan Tovuz»un qonağı olacaq.
Bu görüş noyabrın 1-də təşkil ediləcək. Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev prinsipial matçdan öncə gözlənilməz addım atıb.
O, oktyabrın 28-də ölkə kubokunun ikinci təsnifat mərhələsində qarşılaşdıqları və 7:2 hesabıyla qalib gəldikləri «Hypers Quba» ilə qarşılaşmanın ardından komandanı Bakıya qaytarıb.
Rusiyalı çalışdırıcı «köhlən atlar»la duelə az vaxt qalmasına rəğmən, futbolçuların paytaxtla rayon arasında qalmasına, yollarda vaxt itirməsinə göz yumub.
Bəs niyə belə etsin? Səbəbi bizə məlumdur. Berdiyev klub funksionerləri ilə söhbətində Tovuzun darıxdırıcı yer olduğunu bildirib.
Türkmən kökənli sükançı rayonda 1 gün qalanda belə, özünü narahat hiss etdiyini söyləyib.
Əlbəttə, Berdiyevin seçimi yanlışdır. «Turan» artıq sözdə Tovuzun klubudur. Əməldə bunun tam əksini görürük.
Komanda vaxtın çoxunu Bakıda keçirir, yalnız oyundan-oyuna rayona dönür.
Əvvəl bu cür deyildi. Ayxan Abbasov «Turan»ı Tovuza daha yaxın tuturdu. Həftənin bir neçə günü doğma evdə qalır, burada hazırlaşırdılar.
O, yerli publikanın rəyini də nəzərə alırdı. Azarkeşlərin kollektivlə isti bağ qurmasına şərait yaradırdı.
Təəssüf ki, Berdiyevi belə incə məqamlar maraqlandırmır.
Onun heç kim vecinə deyil - nə rəhbərlik, nə də fanatlar. Özündən savayı bir Allah bəndəsini saymır.
SPORTİNFO.AZ